Fransada təhlükə siqnalı: 58 bölgədə narıncı xəbərdarlıq elan edildi

Fransada təsirini gücləndirən isti hava dalğası səbəbindən ölkənin 58 bölgəsində narıncı xəbərdarlıq səviyyəsi elan olunub.

Fransanın meteorologiya xidməti olan Météo-France bildirib ki, iyunun 21-23-də ölkədə rekord səviyyədə temperatur göstəriciləri qeydə alına bilər. Bu səbəbdən bölgələrin yarıdan çoxunda xəbərdarlıq səviyyəsi yüksəldilib və əhaliyə ehtiyatlı olmaq tövsiyə edilib.

Məlumata görə, paytaxt Paris daxil olmaqla bəzi ərazilərdə güclü külək və fırtına da gözlənilir. Küləyin sürətinin saatda 100 kilometrə çatacağı, bunun isə infrastruktur obyektlərinə ziyan vura biləcəyi bildirilir.

Yerli KİV-lərin məlumatına əsasən, yüksək temperatur səbəbindən bir sıra bölgələrdə keçiriləcək musiqi festivalları ləğv olunub. Həmçinin bəzi universitetlərdə planlaşdırılan şifahi imtahanlar təxirə salınıb.

Fransanın Təhsil naziri Edouard Geffray bildirib ki, hava şəraiti səbəbindən 4 min şagird və tələbə bu dəyişikliklərdən təsirlənib. Bundan başqa, 784 məktəbdə dərs saatlarında dəyişiklik edilib.

Ölkənin Daxili İşlər Nazirliyi isə vətəndaşlara isti hava ilə bağlı tövsiyələr vermək üçün xüsusi pulsuz məsləhət xətti yaradıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki