Rusiya Federasiyası Mərkəzi Bankının sədri Elvira Nabiullinanın son vaxtlar ictimaiyyət qarşına çıxmamasının səbəbi məlum olub.
Referans MEDİA xəbər verir ki, buna baş bankirin ağır respirator infeksiya keçirməsi səbəb olub.
"Financial Times" (FT) nəşrinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, Nabiullinanın uzunmüddətli yoxluğu onun Rusiya prezidenti Vladimir Putinin gözündən düşməsi barədə şayiələrin yaranmasına yol açıb.
Sitat gətirilən mənbələr bildirir ki, Rusiya rəsmiləri artıq Nabiullinanın postundan gedəcəyi təqdirdə Mərkəzi Bankda baş verə biləcək potensial dəyişiklikləri müzakirə etməyə başlayıblar.
Ehtimal olunan ssenarilər arasında tənzimləyicinin geniş səlahiyyətlərinin bir neçə qurum arasında bölünməsi və inflyasiyanın hədəf səviyyəyə qaytarılması istiqamətindəki sərt pul-kredit siyasətinin yumşaldılması yer alır.
Nəşrin məlumatına görə, Mərkəzi Bankın sədri postuna əsas namizədlər qismində Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin və "Promsvyazbank"ın rəhbəri Pyotr Fradkovun adları çəkilir.
"The Bell" nəşri isə VTB-nin rəhbəri Andrey Kostinin də namizədlər arasında olduğunu iddia edir.
Bununla belə, mənbələr Putinin Nabiullinanı hazırkı vəzifəsində saxlamaq üçün hələ də bir yol tapa biləcəyini vurğulayırlar.
Qeyd edək ki, iyunun 19-da Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı keçiriləcək mətbuat konfransında Elvira Nabiullinanın şəxsən iştirak edəcəyi gözlənilir./musavat/
