Ağ Ev ABŞ Prezidenti Donald Trampın “DC Comics” kainatının məşhur superqəhrəmanı “Green Lantern” obrazında təsvir olunduğu videoçarx yayımlayıb.
Referans Media xəbər verir ki, sözügedən kadrlar Ağ Evin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılıb.
Süni intellekt (AI) vasitəsilə hazırlanan videoda Tramp miqrant axınının qarşısını almaq üçün nəhəng yaşıl divar hörür, daha sonra sənaye kompleksi yaradır, hərbi gəmilər və təyyarələrin fonunda poz verir.
Kadrlarda “Yaşıl Fənər Korpusu”nun məşhur andı da səsləndirilir:
“Gecənin qaranlığında, günün işığında şər məndən gizlənə bilməz. Şər fikirlərlə yaşayanlar, fənərin işığından qorxun!”
Qeyd edək ki, Tramp bundan əvvəl də “Truth Social” hesabında ABŞ Kosmik Qüvvələrinin yeni parad formasının süni intellektlə hazırlanmış görüntülərini paylaşmışdı. Lakin həmin dizayn nasist formasını xatırlatdığı üçün kəskin tənqidlərə səbəb olmuşdu. Müdafiə Nazirliyinin bu formanı təsdiqləyib-təsdiqləmədiyi isə hələ də dəqiq deyil.
