İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) regionda hərbi-siyasi gərginliyin yüksəldiyi bir dövrdə ABŞ-a məxsus USS Abraham Lincoln təyyarədaşıyan gəmisini hədəf alan vizual material paylaşıb. Paylaşımda ABŞ-ın İran ətrafındakı bölgələrdə artan hərbi mövcudluğuna açıq işarə edilib.
Referans Media xəbər verir ki, yayımlanan görüntüdə ABŞ Prezidenti Donald Trampın son çıxışlarında tez-tez gündəmə gətirdiyi USS Abraham Lincoln fırtınalı, qan qırmızısı çalarların hakim olduğu bir dənizdə təsvir olunub. Vizualda təyyarədaşıyan gəmiyə ildırımın dəydiyi göstərilir, ABŞ-a məxsus döyüş təyyarələrinin isə dənizə düşərək batdığı səhnələr yer alır.
Görsəldə diqqət çəkən digər simvollardan biri də dənizə saplanmış qılınc fiqurlarıdır. Bu elementlər paylaşımın yalnız estetik deyil, eyni zamanda siyasi və ideoloji mesaj daşıdığını göstərir.
SEPAH-ın paylaşımında Qurani-Kərimin Saf surəsinin 13-cü ayəsinə də yer verilib. Ayədə “Allahdan bir yardım və yaxın bir fəth” ifadəsi qeyd olunaraq, ABŞ-a ünvanlanan mesajın dini-mənəvi çalarlarla gücləndirildiyi görünür.
Bu paylaşım regionda İran–ABŞ münasibətlərində artan gərginliyin vizual və psixoloji müstəviyə keçdiyi kimi qiymətləndirilir və mümkün yeni eskalasiyaların siqnalı kimi şərh olunur.























