ABŞ Milli Elmlər Akademiyasının Elmi Məruzələri (PNAS) jurnalında dərc olunan araşdırmaya görə, insan həyatında problem yaradan və ya həyatı çətinləşdirən şəxslər daha sürətli bioloji qocalmaya səbəb ola bilər.
Araşdırmada 2 mindən çox insan iştirak edib və onların son 6 ay ərzində sosial münasibətləri izlənilib. Analiz üçün iştirakçılardan tüpürcək nümunələri götürülərək DNT dəyişiklikləri də araşdırılıb.
Nəticələr göstərib ki, insanın həyatında mütəmadi ünsiyyətdə olduğu hər yeni “narahatlıq yaradan şəxs” qocalma sürətini təxminən 1,5 faiz artırır.
Tədqiqatda insanların təxminən 30 faizinin ətrafında ən azı bir problem yaradan şəxsin olduğu müəyyən edilib. Alimlər vurğulayıb ki, çətin sosial münasibətlər insan sağlamlığına mənfi təsir göstərə və qocalmanı sürətləndirə bilər.
Araşdırmanın müəlliflərindən biri, Byungkyu Lee bildirib ki, problem yaradan insanlarla münasibətlər xroniki stress faktoruna çevrilə və bu da insan həyatını daha çətin edə bilər.























