İranda son aylarda müşahidə olunan siyasi gərginlik, təhlükəsizlik problemləri və iqtisadi çətinliklər ölkənin xarici ticarətinə də ciddi təsir göstərir. Ekspertlərin fikrincə, yaranmış vəziyyət istehsal və logistika zəncirində problemlər yaradaraq İran məhsullarının həm qiymətinə, həm də xarici bazarlardakı əlçatanlığına mənfi təsir edə bilər.
Bəs bu proses Azərbaycan bazarında satılan İran mənşəli məhsullara necə təsir göstərəcək?
Referans Media bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, mövcud şərait İran məhsullarının xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə çətinləşdirir.
“Hazırda pul köçürmələri ilə bağlı ciddi problemlər yaşanır. Eyni zamanda, malların daşınması prosesində ləngimələr müşahidə olunur. Sərhəd keçidlərində yaranan çətinliklər məhsulların xarici bazarlara çatdırılmasına mənfi təsir göstərir. Bütün bunlar isə qiymətlərə birbaşa təsir edir”, – deyə iqtisadçı bildirib.
Xalid Kərimlinin sözlərinə görə, mövcud vəziyyət İran istehsalçıları üçün də əlavə maliyyə yükü yaradır.
“İran istehsalçıları ciddi çətinliklərlə üzləşirlər. Xüsusilə logistika sahəsində yaranan problemlər məhsulların maya dəyərini artırır. Nəticədə bu, məhsulların bahalaşmasına gətirib çıxarır”, – deyə o qeyd edib.
İqtisadçının fikrincə, regionda qeyri-müəyyənlik davam edərsə, İran mənşəli məhsulların həm qiymətlərində artım, həm də xarici bazarlarda əlçatanlığında azalma tendensiyası davam edəcək.
