ABŞ Prezidenti Donald Tramp İranda etiraz aksiyalarının iştirakçılarına yardım barədə danışarkən bunun tərkib hissəsi kimi iqtisadi tədbirləri də nəzərdə tutduğunu bildirib.
Trampın İrandakı etirazçılara dəstək çərçivəsində iqtisadi tədbirləri gündəmə gətirməsi hansı konkret mexanizmləri və addımları əhatə edə bilər?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Azad Məsiyev İran dövlətinin ABŞ başda olmaqla Qərbin sanksiyalarına məruz qalan ölkələrdən biri olduğunu deyib. Onun sözlərinə görə, uzun müddətdir ki, İran həm iqtisadi, həm də siyasi baxımdan dünyadan təcrid edilib:
“ABŞ-nin əsas məqsədi İranda hakimiyyəti dəyişmək və öz maraqlarına uyğun bir hakimiyyət qurmaqdır. Uzun illərdir İran dövləti ABŞ-nin sanksiyalarına tab gətirir və xaricdən olan təzyiqlərə adekvat cavab verməyə çalışır. Son vaxtlar isə İranda baş verən hadisələr 2014-cü ildə Ukraynanın paytaxtı Kiyevdə baş verən Maydan hərəkatı ilə eyni ssenarini xatırladır. Həmin dövrdə ABŞ siyasi çalarlarla Ukraynada xaos yaratdı, xaos fonunda insanların ölümü baş verdi və nəticədə hakimiyyət dəyişdirildi. Eyni ssenari hazırda İranda tətbiq olunur. İranda baş verən hadisələr iqtisadi və sosial vəziyyətlə əlaqədar olaraq xalq etirazları şəklində başlayıb. Bildiyiniz kimi, bu etirazlar zamanı təxribatlar nəticəsində ölənlər var və proseslər İranın digər bölgələrinə də yayılır. İranda etirazçıların tələbləri ilə ABŞ və Qərbin İran daxilində yaratdığı casus şəbəkəsinin maraqları üst-üstə düşür”.
Politoloq hesab edir ki, İranda baş verənlər ABŞ tərəfindən yaradılmış idarə olunan xaosdur:
“İqtisadi və sosial problemlərdən istifadə edilərək əhalinin müəyyən təbəqəsi ayağa qaldırılır, casus şəbəkəsinin fəaliyyəti nəticəsində təxribatlar törədilir, ölənlər və yaralananlar olur. Məqsəd iğtişaşlar yaratmaq, vətəndaş itaətsizliyi formalaşdırmaq və hakimiyyəti devirməkdir. Təbii ki, İranın hazırkı prezidenti baş verən hadisələrin qarşısını almaq üçün dialoqa çağırış edib, danışıqların başlanmasını dəfələrlə bəyan edib və ölkədə sosial vəziyyətin ağır olduğunu açıq şəkildə etiraf edib. Lakin xaricdən olan təxribatçı qüvvələr İran dövləti ilə etirazçılar arasında dialoqun baş tutmaması üçün müxtəlif təxribatlar törədir və vəziyyəti daha da gərginləşdirir. Məclislərin yandırılması, ticarət mərkəzlərinə hücumlar, insanların öldürülməsi onu göstərir ki, bu iğtişaşlarda etirazçılarla yanaşı, xarici təsir altında olan casus şəbəkələri də aktiv rol oynayır. Aydındır ki, Birləşmiş Ştatlar uzun müddətdir bu ssenarinin formalaşması üçün çalışır. Xüsusilə İsrail, ABŞ və İran arasında yaşanan son gərginliklər zamanı Qərbin və İsrailin İranda fəaliyyət göstərən casus şəbəkəsinin mövcudluğuna şahid olduq. Bu şəbəkənin fəaliyyəti nəticəsində İran alimləri və generalları qətlə yetirildi. Bu faktlar bir daha sübut edir ki, İranda baş verən xaos idarə olunan və xaricdən yönləndirilən bir prosesdir”.
A.Məsiyev ABŞ-nin yaranmış vəziyyətdən maksimum istifadə edərək İran dövlətinə təzyiq göstərdiyini, hətta onu açıq şəkildə hədələdiyini bildirib:
“Məqsəd İranın bütün bölgələrində xaos yaratmaq, bu xaos fonunda hakimiyyəti devirmək və ABŞ-nin nəzarətində olan bir dövlət formalaşdırmaqdır. Əgər ABŞ İranda hakimiyyəti dəyişə bilsə, bu, onun qlobal strategiyasında mühüm rol oynayacaq. İranda baş verən hadisələr ABŞ-nin strateji planının tərkib hissəsidir və bu proses beynəlxalq ictimaiyyətə müəyyən formada təqdim edilərək geniş ajiotaj yaradılır. Ümumilikdə, Birləşmiş Ştatlar yalan üzərində “həqiqət” formalaşdırmaq bacarığına malikdir. Məsələn, Venesuelada narkotiklə mübarizə adı altında Maduronun hədəf alınması, daha sonra ölkənin neft və təbii sərvətlərinə yönəlmiş siyasət buna nümunədir. Eyni ssenari İran üçün də planlaşdırılır. Hakimiyyət dəyişdikdən sonra İranın zəngin təbii sərvətlərindən ABŞ-nin maraqlarına uyğun şəkildə istifadə etmək niyyəti açıq şəkildə görünür. Bir sözlə, ABŞ dünyada təkqütblü sistem yaratmaq və onu idarə etmək istəyir. İran da bu strateji planın mühüm həlqəsidir. ABŞ üçün İran xüsusi əhəmiyyət daşıyır. Çünki ABŞ üçün əsas təhlükə mənbələrindən biri olan Çinin iqtisadi gücünün artmasının qarşısını almaq məqsədilə İranın təbii sərvətlərinin 60-70 faizi Çinə satılır.
ABŞ Çinə gedən enerji yollarını nəzarət altına almaq üçün İran üzərində nəzarət əldə etməyə çalışır. Eyni zamanda, ABŞ İran üzərində nəzarəti ələ keçirsə, Rusiyanın cənub cinahını bağlamış olacaq. Çünki Rusiya Şimal-Cənub dəhlizi vasitəsilə İran körfəzi üzərindən Hind okeanına çıxmaq istəyir. Digər tərəfdən, İran Türk dövlətlərinin coğrafi mərkəzində yerləşir: Türkmənistan, Azərbaycan və Türkiyə ilə sərhəddədir. ABŞ Türkiyənin regional gücdən qlobal gücə çevrilməsinin qarşısını almaq üçün də İrandan istifadə etmək niyyətindədir. Bu kontekstdə İran Turan inteqrasiyasına qarşı bir alət kimi nəzərdən keçirilir. Beləliklə, ABŞ İranı üç əsas istiqamətdə istifadə etmək istəyir: Rusiya, Çin və Türk dövlətlərinə qarşı. Bu səbəbdən İran uzun müddətdir ABŞ-nin diqqət mərkəzindədir və müxtəlif bəhanələrlə ölkədə dövlət çevrilişi həyata keçirməyə çalışılır. Bir sözlə, Birləşmiş Ştatlar yalan üzərində həqiqət formalaşdıraraq öz maraqlarını reallaşdırmağa çalışır. Reallıq ondan ibarətdir ki, İranda baş verən xaos ABŞ tərəfindən idarə olunur və bu xaosun daha geniş miqyas alması məqsədli şəkildə təşviq edilir. İran ideoloji bir dövlətdir və mövcud prezident etirazçılarla dialoqun qurulmasında maraqlıdır. Hesab edirəm ki, bu proseslər nə qədər tez səngisə və dialoq nə qədər tez başlasa, İranda sabitliyin bərpası bir o qədər mümkün olar”.























