Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) “Vətən” partiyasının lideri, sabiq baş nazir Yuliya Timoşenkonun Kiyevdə yerləşən ofisində gecə saatlarına qədər davam edən axtarışlar aparıb.
Referans Media TASS-a istinadla xəbər verir ki, axtarış yanvarın 14-ü səhər saatlarınadək davam etdirilib.
Yanvarın 13-ü NABU parlament fraksiya rəhbərlərindən birinin digər partiyanın deputatlarına rüşvət verməsini ifşa etdiyini açıqlayıb. Ad çəkilməsə də, Ukrayna mənbələri söhbətin Yuliya Timoşenkodan getdiyini iddia edir. Eyni zamanda, hakim “Xalqın xidmətçisi” partiyasının fraksiya rəhbəri David Araxamiyanın da ofisində axtarış aparıldığı barədə məlumat yayılıb.
Yuliya Timoşenko özü də NABU-dan “şübhəli statusu” aldığını təsdiqləyib. O, axtarışları siyasi sifariş və rəqiblərin sıradan çıxarılmasına yönəlmiş “PR aksiyası” adlandırıb.
Siyasətçi bildirib ki, silahlı şəxslər faktiki olaraq partiya ofisini ələ keçirib və əməkdaşları girov vəziyyətinə salıblar.






















