backend

İrəvan həddini aşdı: caniləri geri istəyir

Paşinyanın bəzi bəyanatlarına anlayışla yanaşaq, yoxsa…
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hakerlə görüşündə Bakıda məhkəməsi keçirilən hərbi cinayətkarların azadlığa buraxılması məsələsini qaldırıb. Azərbaycanda 23 Ermənistan vətəndaşının saxlanıldığını iddia edən Paşinyan onları “hərbi əsir” adlandırıb.

“Görüş zamanı mən xüsusilə bu məsələyə diqqət yetirdim və qeyd etdim ki, prezident Tramp bu məsələnin həllinə sadiq olduğunu açıq şəkildə bildirib. Mən bu məsələ ilə bağlı ikitərəfli şəkildə gördüyümüz işləri təqdim etdim. ABŞ dövlət katibinin müavinindən Birləşmiş Ştatların bu istiqamətdə göstərdiyi səylər barədə məlumat verməsini xahiş etdim. Eləcə də xahiş etdim ki, bu məsələ diqqət mərkəzində saxlanılsın”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi ilə Azərbaycana hərbi təcavüz etmək məqsədilə aparılan müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Onlar təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, soyqırım, əhalini məhvetmə, köləlik, əhalini deportasiya etmə və ya məcburi köçürmə, insanları zorakılıqla yoxa çıxarma, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma və digər cinayət maddələri ilə ittiham olunurlar.

Paşinyanın bu mövqeyi ABŞ-nin iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülhə nail olunması və nəqliyyat-kommunikasiya vasitələrinin blokdan açılması istiqamətində aparılan danışıqlara nə dərəcədə zərbə vura bilər? Məgər o, məhkəməsi gedənlərin hansı cinayətləri törətdiklərini bilmir?

Referans Media xəbər verir ki , “Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Bakıda məhkəməsi gedən erməni cinayətkarların törətdiklərindən Nikol Paşinyan xəbərdardır: “Ancaq qarşıdan parlament seçkiləri gəlir və Nikol Paşinyan erməni ictimai rəyi ilə hesablaşamaq məcburiyyətindədir. Ermənistan əhalisinin böyük əksəriyyəti isə hesab edir ki, Bakıda davam eləyən proses bir tərəfdən Ermənistan dövləti üçün təhqirdir, digər tərəfdən Ermənistan hakimiyyəti onların azad edilməsi üçün əlindən gələni etmir. Bu da təbiidir ki, Paşinyanın seçkiqabağı reytinqinə təsir edir. Bu səbəbdən baş nazir o cür bəyanatlar verir. O da aydındır ki, növbəti parlament seçkiləri hətta müharibədə ağır məğlubiyyətdən sonra 2021-ci ildə keçirilən seçkilərdən daha çətin olacaq. Çünki rusiyayönümlü qüvvələrin demək olar hamısı birləşməyə və ortaya daha böyük güc qoymağa çalışır. Açıq şəkildə artıq erməni kilsəsi də müxalifət tərəfdədir və blok halında seçkiyə getmək istəyir, sahibkarların bu prosesdə aktiv şəkildə iştirak eləmək istəyirlər. Bu da təbii ki, Paşinyanı ciddi şəkildə narahat eləyir. Yeri gəlmişkən, bu, hamımızı narahat eləməlidir. Çünki Ukraynada baş verən hadisələr göstərir ki, müharibənin başa çatmasına çox qalmayıb. Donald Tramp ortaya konkret plan qoyub və bu planı qəbul etmək məcburiyyətində qala bilər. Çünki müharibəni davam etdirmək üçün tələb olunan yardımı Avropa göstərə bilmir. Bu yardımın məbləği ən azı 110-120 milyard dollar səviyyəsindədir. Avropanın buna gücü çatmır. Eyni zamanda ABŞ-nin Ukraynanın silah verməməklə, kəşfiyyat məlumatlarını verməməklə hədələməsi çox ciddi amildir. Bu səbəbdən Tramp planı çox güman ki, cüzi dəyişikliklərlə qəbul olunacaq və ondan sonra Rusiyanın bölgəmizdə daha da fəallaşacağı, Ermənistandan bir alət kimi istifadə etməyə çalışacağı heç kimdə şübhə doğurmur. Hətta Rusiyada bəzən açıq şəkildə bəyan edirlər ki, Qarabağ məsələsi hələ bitməyib. Əgər parlament seçkilərində rusiyayönmül qüvvələr hakimiyyətə gəlsələr, Rusiyanın 1990-cı illərdəki ssenarini yenidən tətbiq etmək istəyi ortaya çıxa bilər. Təbiidir, vəziyyət ciddi şəkildə dəyişib, bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Ancaq Rusiyada təfəkkür dəyişməyib. Ermənilərin də müəyyən dairələrinin Rusiyanın forpostu olmaq istəyi dəyişməyib”.

Ekspert hesab edir ki, bu səbəbdən Nikol Paşinyan nəyin bahasına olursa-olsun seçkilərdə qalib gəlməlidir və biz də bunda maraqlıyıq: “Çünki əks halda bütün planlar pozula bilər, bölgədə çox ciddi gərginlik ocağı yarana bilər. Ona görə də bu gün biz Paşinyanın bəzi bəyanatlarına anlayışla yanaşmalıyıq və dərk eləməliyik ki, bunlar parlament seçkiləri ərəfəsində Ermənistan ictimai rəyini nəzərə alıb verilən bəyanatlardır. Yoxsa təbii ki, Paşinyan Bakıda həbsdə olan ermənilərin qatı cinayətkar olduqlarını yaxşı bilir. Hətta onların bəzilərinin ömürlük həbsdə olmasını istəyir. Ancaq eyni zamanda seçkilər barədə də düşünməyə məcburdur. Biz Paşinyanın digər bəyanatlarını da unutmamalıyıq. Məsələn, Qarabağ ermənilərinin geriyə qayıtmasının zərərli ola biləcəyini və bunu istəmədiyini Paşinyan açıq şəkildə deyir. Ermənistanda bunu deyən yeganə siyasətçi odur. Digər bir sıra məsələlərdə də Paşinyan realist mövqe tutur. Bunlar mütləq nəzərə alınmalıdır və qəbul etmədiyimiz bəzi fikirləri anlayışla qarşılanmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki