Rekord səviyyədə isti havaların davam etdiyi Fransada yüksək meşə yanğını riski səbəbindən 50 departamentdə narıncı həyəcan elan olunub.
Referans Media xəbər verir ki, Fransanın Meteo-France meteorologiya xidmətinin məlumatına görə, ölkədə quraqlıq və yüksək temperatur yanğın riskini artırıb. Əsasən ölkənin şimal-qərbində yerləşən 50 departamentdə narıncı səviyyəli xəbərdarlıq qüvvəyə minib.
Bəzi bölgələrdə temperaturun gün ərzində 40 dərəcəyə çatacağı gözlənilir.
Ölkənin şimalındakı Pas-de-Kale departamentində dünən başlayan meşə yanğını hələ də nəzarətə götürülməyib. Yanğın nəticəsində 180 hektar ərazi zərər görüb, bir ev isə yararsız vəziyyətə düşüb.
İl-et-Vilen departamentindəki Sen-Jüst kəndində baş verən yanğında isə indiyədək 200 hektar ərazi yanıb, 96 nəfər təxliyə edilib. Yanğının söndürülməsinə 208 yanğınsöndürən cəlb olunub.
