​Əmanət faizləri qalxır: Pulunuzu bankda saxlamağa dəyərmi?

Azərbaycanda banklarda əmanət faizlərinin yüksəlməsi vətəndaşların sərbəst vəsaitlərini banklarda saxlamağa marağını artıra bilər. Bu isə istehlak və investisiya davranışına, eləcə də real iqtisadiyyata təsir göstərə bilər. Bəs əmanətlərin artması iqtisadiyyat üçün hansı nəticələr yaradır?

Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əmanət faizlərinin yüksəlməsi vətəndaşların sərbəst vəsaitlərini banklarda saxlamağa marağını artırırsa, bu, ilk növbədə pulun istehlakdan müəyyən qədər əmanətə yönəlməsi deməkdir.

Onun sözlərinə görə, insanlar əldə etdikləri gəlirin daha böyük hissəsini xərcləmək əvəzinə faiz gəliri əldə etmək üçün bankda saxlaya bilərlər:

“Bu isə qısamüddətli dövrdə pərakəndə ticarətə, xüsusilə də kreditlə və ya təxirəsalınmaz olmayan alışlara tələbin müəyyən qədər zəifləməsinə səbəb ola bilər.

Digər tərəfdən, banklarda depozitlərin artması maliyyə sektorunun resurs bazasını genişləndirir. Bankların daha çox vəsaiti olduqda həmin resursların biznes kreditlərinə, investisiya layihələrinə, ipoteka və digər kreditlərə yönəldilməsi imkanları artır. Əgər cəlb olunan əmanətlər real sektorun maliyyələşdirilməsinə çevrilirsə, bu, istehsalın genişlənməsinə, yeni müəssisələrin yaranmasına və iqtisadi aktivliyin artmasına müsbət təsir göstərə bilər”.

A.Nəsirli qeyd edib ki, burada əsas məsələ faizlərin səviyyəsi ilə yanaşı, bankların topladığı vəsaiti hara yönəltməsidir:

“Əmanətlər əsasən istehlak kreditlərinin maliyyələşdirilməsinə gedirsə, iqtisadi təsir başqa cür olacaq. Amma vəsaitlərin kiçik və orta biznesə, sənayeyə, kənd təsərrüfatına, ixrac yönümlü istehsala və digər investisiya layihələrinə yönəldilməsi real iqtisadiyyat üçün daha böyük fayda yarada bilər.

Bu tendensiya vətəndaşların investisiya davranışını da dəyişə bilər. Risk səviyyəsi aşağı və gəlirliliyi qənaətbəxş olan bank əmanəti insanların daşınmaz əmlak, valyuta və digər alətlərə yönəltdiyi vəsaitlərin bir hissəsini özünə cəlb edə bilər.

Xüsusilə inflyasiyanın nisbətən yüksək olduğu şəraitdə əmanətin real gəlirliliyi mühüm amildir. Əgər depozit faizi inflyasiyanı kompensasiya edirsə, vətəndaş üçün pulunu bankda saxlamaq daha cəlbedici olur”.

İqtisadçı bildirib ki, əmanət faizlərinin həddindən artıq yüksəlməsi bankların kredit faizlərini də artırarsa, bunun əks təsiri yarana bilər:

“Çünki bank əmanətçiyə yüksək faiz ödəyirsə, həmin vəsaiti biznesə daha ucuz kredit kimi təqdim etməsi çətinləşir. Nəticədə şirkətlərin borclanma və investisiya imkanları məhdudlaşa bilər.

Ona görə də əmanətlərin artması özü-özlüyündə nə tam müsbət, nə də mənfi haldır. Əsas məsələ yığılan pulun iqtisadiyyatda necə dövr etməsidir. Əmanətlər real sektora kredit və investisiya formasında qayıdırsa, bu, istehlakın müəyyən qədər azalmasını kompensasiya edə və hətta uzunmüddətli iqtisadi artım üçün daha sağlam maliyyə bazası yarada bilər”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki