ABŞ müdafiə naziri Pit Heqseth Kubaya qarşı hərbi əməliyyat ehtimalının da gündəmdə olduğunu açıqlayıb.
Referans Media xəbər verir ki, Panamada keçirilən tədbirdə çıxış edən Heqseth bildirib ki, Vaşinqtonun Kuba ilə bağlı “hərbi variant da daxil olmaqla, bütün seçimləri masadadır”.
O, Kuba rəhbərliyinin ABŞ prezidenti Donald Trampın tələblərini nəzərə almalı olduğunu deyib və Kuba ordusunun ABŞ-ın hərbi gücü ilə rəqabət apara bilməyəcəyini bildirib.
Heqseth həmçinin ABŞ-ın Panama, Ekvador və digər region ölkələri ilə təhlükəsizlik və narkotik kartellərinə qarşı mübarizə sahəsində əməkdaşlığını vurğulayıb. O, Panama kanalının ABŞ üçün strateji əhəmiyyət daşıdığını qeyd edərək heç bir ölkənin kanaldan təhdid vasitəsi kimi istifadəsinə imkan verməyəcəklərini bildirib.
Qeyd edək ki, Vaşinqtonla Havana arasında gərginlik son dövrlərdə daha da artıb. Kuba xarici işlər naziri Bruno Rodriges iyulun 7-də ABŞ-ın ölkəyə tətbiq etdiyi blokadanı “müharibə aktı” adlandırıb. ABŞ dövlət katibi Marko Rubio isə iyulun 23-də Kubada dəyişikliklərin qaçılmaz olduğunu bildirib.
