Meksikanın paytaxtı Mexiko şəhərində keçmiş “Kainat Gənclər Gözəli” Karolina Gomez evində silahlı hücum nəticəsində qətlə yetirilib. Keçmiş “gözəllik kraliçası” mənzilində ölü tapılıb.
Referans Media xəbər verir ki, başından güllə yarası almış Qomesin qətlində qayınanası şübhəli bilinir. Hadisə zamanı evdə onun əri, 8 aylıq körpəsi və qayınanası da olub. Cinayətin ailə daxilində baş verməsi hadisəni daha da dəhşətli edib.
45 saniyəlik görüntülər cinayəti ifşa edib. Təhlükəsizlik kameralarına düşən görüntülərdə qayınana ilə gəlin arasında mübahisə yaşandığı daha sonra qayınananın otağa gedərək silah çıxardığı və 6 dəfə atəş açdığı aşkar edilib. Atəş səslərindən sonra evdə böyük panika yaşanıb. Kadrlarda ərinin “Sən nə etdin?” deyə qışqırdığı da görünür.
Şübhəli qayınana hadisə zamanı “Sən mənimsən, onun deyil” kimi sözlər səsləndirib. Bu ifadə cinayətin motivi ilə bağlı şübhələri daha da artırıb. Polis hadisədən qısa müddət sonra kamera görüntüləri əsasında şübhəli qadını saxlayıb. İstintaq davam edir.
Mexiko prokurorluğu işi qəsdən adam öldürmə kimi tövsif edib.
2017-ci ildə Aşağı Kaliforniya ştatında “Miss Teen Universe” titulunu qazanmış Qomesin aprelin 15-də qətlə yetirildiyi güman edilir. Polisin məlumatına görə, hadisə baş verdikdə o, həyat yoldaşı Alexandro Qomes və onun anası Erika Mariya ilə birlikdə evdə olub.
Xüsusi diqqət çəkən məqam hadisə barədə polisə 1 gün sonra məlumat verilməsidir. Bu, hüquq-mühafizə orqanlarında müraciətin gecikdirilməsinin səbəbləri barədə suallar doğurub.
Qeyd edək ki, faciə Meksikada qadınlara qarşı zorakılıq səbəbindən artan ictimai narazılıq fonunda baş verib. Yerli vətəndaş təşkilatları işin femisid – BMT Qadınlar Təşkilatının (UN Women) “gender motivli qəsdən adamöldürmə” kimi müəyyən etdiyi cinayət olaraq tövsif edilməsini tələb edir.























