Kart sahiblərinə pis xəbər: Keşbeklərin sonu gəlir - Yeni qərarın görünməyən tərəfləri...

Azərbaycanda maliyyə və bank sektorunun tənzimlənməsi, nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində bu gündən etibarən icrasına başlanılan yeni qərar daxili bazarda həm biznes subyektləri, həm də sıravi kart istifadəçiləri üçün ciddi dəyişikliklərin əsasını qoyur.

Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeync (interchange), yəni kartı buraxan bank ilə ödənişi qəbul edən bank arasındakı daxili komissiya haqlarının yuxarı həddinin rəsmən məhdudlaşdırılması, maliyyə axınlarının strukturunu yenidən formalaşdırır. İndiyə qədər ticarət və xidmət obyektlərinin POS-terminallarla qəbul etdikləri ödənişlərə görə banklara ödədikləri yüksək xidmət haqlarının əhəmiyyətli hissəsi məhz bu daxili komissiya daxilində bölünür və banklar tərəfindən müştərilərə cəlbedici loyallıq proqramları, xüsusən də yüksək faizli keşbeklər şəklində geri qaytarılırdı. Tariflərin rəsmən aşağı salınması ilk növbədə illərdir POS-terminal xərclərindən şikayət edən və bu səbəbdən bəzən nağdsız ödənişlərdən yayınmağa çalışan kiçik və orta sahibkarlar üçün böyük maliyyə yükünün azalması mənasına gəlir. Lakin bu addım digər tərəfdən bankların komissiya gəlirlərini kəskin azaldacağı üçün uzun müddətdir kartlardan kütləvi şəkildə istifadə edən istehlakçıların vərdiş etdiyi yüksək keşbek faizlərinin gələcəyini ciddi şəkildə sual altına qoyur.

Referans Media xəbər verir ki, məsələ ilə bağlı nocomment.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, interçeync tariflərinə limit qoyulması ölkədə kölgə iqtisadiyyatının kiçilməsi və şəffaflığın artması baxımından müsbət addım olsa da, bunun istehlakçılar səviyyəsində əks-sədası fərqli olacaq: "Uzun illərdir Azərbaycan bankları arasında müştəri cəlb etmək üçün amansız bir kəşbek yarışı gedirdi. Bəzi banklar 10, hətta 20 faizə çatan keşbeklər vədlər edirdilər ki, bu vəsaitlərin də əsas maliyyə mənbəyi məhz sahibkarlardan tutulan və banklar arasında bölünən həmin yüksək tariflər idi. İndi dövlət bu faizlərin yuxarı həddini qəti şəkildə məhdudlaşdırdığı üçün bankların pulsuz qazandığı komissiya gəlirləri kəskin şəkildə enəcək. Bu real iqtisadi zərurət fonunda, bankların böyük qisminin öz kəşbek kampaniyalarının şərtlərini sərtləşdirməsi, faiz dərəcələrini aşağı salması və ya bəzi kateqoriyalar üzrə geri ödənişləri tamamilə ləğv etməsi qaçılmaz hala gəlir".
 
Onun sözlərinə görə, bu dəyişiklik banklar arasında xidmət keyfiyyəti üzərindən yeni və daha sağlam bir rəqabət mühitinin yaranmasına rəvac verəcək: "Əvvəllər banklar sadəcə yüksək keşbek faizləri nümayiş etdirməklə müştəri toplaya bilirdilər, çünki xərcləri sahibkarların cibindən çıxırdı. İndi isə həmin gəlir mənbəyi qapandığı üçün hər bir bank öz daxili biznes strategiyasını, rəqəmsal tətbiqlərinin üstünlüklərini və kredit şərtlərini ön plana çıxarmalı olacaq. Faizlərin avtomatik və ya icbari şəkildə sıfırlanması gözlənilməsə də, müştəri siyasətində kütləvi kəşbek paylanması dövrünün başa çatdığını demək mümkündür. İstehlakçılar dərhal panikaya düşməməlidir, çünki rəqabətdə qalmaq istəyən çevik maliyyə institutları öz daxili mənfəətləri hesabına da olsa, müəyyən loyallıq proqramlarını qoruyub saxlayacaqlar, lakin şərtlərin əvvəlki qədər səxavətli olmayacağı artıq dəqiqdir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki