Komendant pulu anlayışı qanunda varmı? – MÜTLƏQ OXUYUN

Azərbaycanda çoxmənzilli yaşayış binalarında sakinlərdən hər ay “komendant pulu” adı altında müxtəlif məbləğlərdə ödənişlər tələb edilir. Xüsusilə, yeni tikililərdə bu məbləğlərin mənzilin sahəsinə uyğun hesablanması bəzən narazılıqlara səbəb olur.

Bəs qanunvericiliyə əsasən mənzil sahiblərindən hər ay kvadratmetrə görə komendant pulu tələb oluna bilərmi?
Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, qanunvericilikdə “komendant pulu” anlayışı nəzərdə tutulmayıb.


Onun sözlərinə görə, qanunvericilikdə yalnız yaşayış binasının saxlanılması və idarə olunması ilə bağlı xidmət haqlarının ödənilməsi nəzərdə tutulur:
“Qanunvericilikdə mənzil mülkiyyətçilərindən və ya payçılardan binanın saxlanılması məqsədilə müəyyən xidmət haqlarının alınması mümkündür. Bu xidmətlərə binanın və ətraf ərazinin təmiz saxlanılması, liftlərin istismarı, mühəndis-kommunikasiya sistemlərinin işlək vəziyyətdə olması, eləcə də digər ümumi istifadə sahələrinin xidmət xərcləri daxildir”.

Hüquqşünas qeyd edib ki, bu ödənişlərin məbləği bina rəhbərliyi tərəfindən müəyyən edilən tariflər və tərəflər arasında əldə olunan qarşılıqlı razılaşma əsasında formalaşdırılır.
“Dövlət balansında olan yaşayış binalarında xidmət haqları adətən daha aşağı tariflərlə tənzimlənir. Lakin özəl idarəetmədəki binalarda, o cümlədən MTK və ya MMC-lər tərəfindən idarə olunan yaşayış komplekslərində tariflər fərqli müəyyən edilə bilər. Bu halda ödəniş məbləği tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir”, – deyə R.Süleymanov vurğulayıb.

Hüquqşünasın sözlərinə görə, mənzil sahiblərindən tələb olunan ödənişlərin hüquqi əsası və göstərilən xidmətlərin həcmi barədə sakinlərə aydın məlumat verilməli, tariflər isə şəffaf şəkildə müəyyənləşdirilməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki