Azərbaycanda güclü zəlzələ olacaq? - Seysmoloqdan AÇIQLAMA

Son günlər region ölkələrində baş verən zəlzələlərlə bağlı xəbərlər yayılır. Xüsusilə Türkiyə, İran və ətraf bölgələrdə qeydə alınan yeraltı təkanlar Azərbaycanda da mümkün seysmik aktivliklə bağlı sualları artırıb.

 Azərbaycanın yerləşdiyi coğrafi ərazi seysmik baxımdan aktiv zonalara yaxın olduğuna görə zəlzələ riski hər zaman diqqətdə saxlanılır.

 Bəs Azərbaycanda yaxın zamanlarda zəlzələ gözlənilirmi? Əsas risk zonaları haradır?

Referans Media  xəbər verir ki ,məsələ ilə bağlı seysmoloq Qulam Babayev Sfera.az-a açıqlama verib.

 O bildirib ki, hazırkı elmi biliklərə, elmi nəticələrə və tədqiqatlara əsasən, zəlzələlərin dəqiq vaxtını, yerini, maqnitudunu, yəni gücünü, ocağın dərinliyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil:

 
“Və buna görə də Azərbaycanda yaxın günlərdə və yaxud müəyyən günlərdə, yaxın həftələrdə güclü zəlzələ mütləq olacaq demək düzgün deyil və bunun heç bir elmi əsası yoxdur. Bunu dəqiq heç cür demək mümkün deyil. Amma ümumilikdə Azərbaycan seysmik cəhətdən aktiv bölgədə yerləşir və bunun əsas səbəbi odur ki, Ərəb və Avrasiya tektonik plitələrinin qarşılıqlı təsiri zonasında yerləşir”.

 Mütəxəssis əsas risk zonalarını da açıqlayıb:

 “Risk hər bir bölgədə var. Amma təhlükə zonaları daha çox Şamaxı-İsmayıllı zonası, Böyük Qafqazın cənub yamacı, Balakən, Zaqatala bölgəsi, Gəncə və ətraf ərazilər, Kiçik Qafqazın bir sıra hissələri, yəni xüsusilə şimal yamacı, Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası və Xəzər dənizinin Azərbaycan sektorudur. Bakı və Abşeron yüksək aktivlik olan dağlıq rayonlarla müqayisədə nisbətən fərqli xüsusiyyətlərə malikdir. Dağlıq yerlər daha seysmik aktiv və yüksək səviyyədədir. Abşeron, Bakı şəhəri bir qədər nisbi vəziyyətdədir. Burada əsas seysmik təhlükə Xəzər dənizindən mövcuddur. Tədqiqatlarımız və hesablamalarımız belə göstərir ki, Abşeron yarımadasında həm Xəzər dənizindəki zəlzələ ocaqları, həm də Şamaxı-İsmayıllı seysmogen zonası təsir göstərir.

 
Yəni əsas seysmik təhlükə Abşeron yarımadası və Bakı şəhəri üçün Xəzər dənizinin bütün ərazisindən: şimal, orta və cənub hissələrindən, həmçinin Şamaxı-İsmayıllı zonalarından gəlir. Regionda baş verən zəlzələlər Azərbaycanda güclü zəlzələyə də səbəb olacaqmı? Mütləq deyil. Düzdür, bütün bunlar bir regiondur, nəhəng plitələrin üzərində yerləşir, qonşu ocaqlar mövcuddur, sıxılma tektonik prosesləri baş verir, gərilmə və sairə. Amma bu mütləq deyil. Çünki Türkiyə, İran və digər qonşu ölkələrdə baş verən hər bir zəlzələ Azərbaycanda yaxın vaxtlarda böyük zəlzələlərin olacağı anlamına gəlmir. Bu ardıcıllıq və qanunauyğunluq burada yoxdur. İkinci, birmənalı olaraq demək lazımdır ki, Azərbaycanda dərində gedən proseslər, geodinamik proseslərin sürəti qeyd etdiyimiz ölkələrin dərinliklərində baş verən proseslər kimi o dərəcədə sürətli deyil. Yəni hərəkət var, amma intensivliyi o dərəcədə aktiv deyil. O səbəbdən Azərbaycanda dağıdıcı, katastrofik, dəhşətli güclü zəlzələnin olması istisnadır. Amma hiss olunan zəlzələlər qaçılmazdır. Bəzi hallarda, məsəl üçün, regional gərginlik prosesləri ilə əlaqələri ola bilər, lakin ayrı-ayrı zəlzələlər əsasında konkret proqnoz vermək mümkün deyil. Amma bir daha təkrar edim, hiss olunan zəlzələlər qaçılmazdır. Hiss olunan zəlzələ deyəndə mən hər zaman qeyd edirəm ki, 4, 4.5, 5, 5.5 maqnitudalı zəlzələlər hiss olunan zəlzələlər kimi səciyyələnir. 2026-cı ilin bu 6 ayı ərzində regionda və bizim ərazimizdə baş verən zəlzələlər göstərir ki, ərazimiz, ölkəmiz seysmogen baxımdan hələ də aktivdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki