Rusiyada Ukrayna müharibəsindən sonra başlanan antikorrupsiya təmizləməsi Kreml elitasını silkələyib. Yüksək rütbəli məmurların həbsi, müəmmalı ölümlər və sərvətlərin müsadirəsi ölkənin siyasi dairələrində qorxu yaradıb.
Referans “Haber Global”a istinadəla xəbər verir ki, Rusiya rəsmilərinin sözlərinə görə, Vladimir Putin artıq korrupsiyaya göz yumur və onun “qırmızı xətləri” dəyişib.
Keçmiş dövlət rəsmilərindən biri mətbuata açıqlamasında deyib: “Yüksək rütbəli məmurların həbsləri və müəmmalı ölümləri ilə bağlı bütün siyasi dairələrdə dərin narahatlıq var. Hamı qorxu içindədir”. O əlavə edib ki, əvvəllər toxunulmaz statusa malik olan Kremlə yaxın iş adamları, nazirlər və yüksək rütbəli məmurlar indi asanlıqla hədəfə alına bilirlər.
Stalin dövrü təkrar olunur?
Rəsmilər arasında “Stalin dövrünün təmizləmələri”nə bənzər qorxu hökm sürür. Kremllə bağlı riskli mövzuların müzakirəsi artıq təhlükəli bir məsələyə çevrilib. Rəsmilərin sözlərinə görə, artıq heç kim riskli məsələlərə qatılaraq özünü təhlükəyə atmaq istəmir.
“BBC”-nin məlumatına görə, Rusiyanın 2022-ci ildə Ukraynaya müharibə elan etməsindən sonra Putini və onun siyasətini tənqid edən bir çox şəxs həyatını itirib. Məsələn, Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin Putinə qarşı çevriliş cəhdindən iki ay sonra, 2023-cü ilin iyununda təyyarə qəzasında ölüb. Putin qoşunlarına Moskvaya doğru irəliləməyi əmr edən Priqojini “vətənə xəyanətdə” ittiham etmişdi.
Daha sonra, Arktika Agentliyinin rəhbəri İvan Peşorinin yaxtadan yıxılaraq ölməsi, “Lukoil” şirkətinin keçmiş rəhbəri Aleksandr Subbotinin bir evin zirzəmisində, beş il Kursk vilayətinin qubernatoru işləmiş Roman Starovoitin isə Moskva ətrafında ölü tapılması sözügedən müəmmalı ölümlərə nümunədir.
Müharibə idarə üsulunu dəyişdirdi
Rusiyalı politoloq Tatyana Stanovayanın sözlərinə görə, Rusiyada üç il yarım davam edən müharibədə formalaşan yeni üsul özünü göstərməyə başlayıb:
“Bu, bir növ siyasi məsuliyyətin qaranlıq tərəfidir. Hakimiyyət iddia edir ki, dövlətin düşmən hərəkətləri qarşısında həssaslığını artıran istənilən hərəkət amansız şəkildə cəzalandırılmalıdır. Bu müharibə Rusiya idarəçiliyini sıfır tolerantlığa gətirib çıxarıb”.
Məlumata görə, Rusiyada korrupsiya uzun müddətdir ki, geniş yayılıb. Lakin Putin antikorrupsiya kampaniyalarında iştirakdan yayınır və bu vəzifəni məhkəmələrə, hüquq-mühafizə orqanlarına həvalə edir.
Ukrayna müharibəsinin başlaması ilə məmurların həbsi daha tez-tez baş verir. Bildirilir ki, müharibədə uğursuz əməliyyatlardan sonra keçmiş müdafiə naziri Sergey Şoyqu və onun yaxın çevrəsi də xüsusilə korrupsiya və zəif hərbi qərarlar üçün hədəfə alınıb.