Lənkəran şəhərində kanalizasiya və sanitar vəziyyət ciddi narahatlıq doğurur. Küçələrdə çirkab suların axıdılması və bəzi inzibati binalarda antisanitariya şəraitinin hökm sürməsi şəhərin ümumi mənzərəsinə kölgə salır. Bu vəziyyət isə yerli idarəetmənin fəaliyyəti və ayrılan vəsaitlərin necə xərclənməsi ilə bağlı suallar yaradır.
Redaksiyadan Lənkəran şəhərinə ezam olunmuşduq. Şəhər İcra Hakimiyyətinin inzibati binasına daxil olarkən çox məyus olduq. Ölkəmizin ən böyük şəhərlərindən olan Lənkəranın əsas idarəetmə orqanının daxili acınacaqlı vəziyyətdə idi. Binanın içərisində antisanitariya şəraiti hökm sürürdü. Bir sözlə, üstü bəzək, içi təzəkdir. Şəhərdə yeni binalar var, köhnə tikililərdən də yaxşı halda olanları var. Müəyyən işlər görülüb. Amma ümumi mənzərə görülən müsbət işlərə kölgə salır. Əsas da Lənkəran şəhərinin kanalizasiya probleminin həllini tapmaması şəhər təsərrüfatına, ətraf mühitə böyük ziyan vurur. Keçmişdə küçələrin kənarı ilə axıdılan suların əvəzinə indi çirkab sular, hətta kanalizasiya xəttinin qalıqları axıdılır. Evlərdən hərə bir kanalizasiya borusunu uzadıb yol kənarına kanalizasiya töküntülərini istiqamətləndirir. Şəhərdə gəzəndə üfunətdən birtəhər olduq. Bu rəzalət İcra Hakimiyyətinin gözü qarşısında baş verir. Lakin yerli rəhbərlik, məsul şəxslər, icra başçısı heç bir tədbir görmür. Görsə, belə vəziyyətlə qarşılaşmazdıq. Maraqlıdır, vaxtaşırı dövlət büdcəsindən şəhərlərin, rayonların inkişafı üçün vəsait ayrılır. Lənkəran İcra Hakimiyyəti görəsən bu pulları haraya yönəldir, nəyə sərf edir?
Lənkəranın icra başçısı Taleh Qaraşovun ixtisaslarından biri inşaat mühəndisidir. Vaxtilə meliorasiya tikintisində də işləyib. Şəhərləşmə qaydalarını hamıdan yaxşı elə o bilməlidir. Həm də 14 ildir ki Lənkəranın rəhbəridir. 2012-ci ildən təyin olunub. Bu müddətdə əsas problemin öhdəsindən gələ bilməyibsə, görəsən öz fəaliyyətindən razıdırmı? Azərbaycan iki ay sonra böyük beynəlxalq tədbirə – Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək. Lənkəranın hazırkı vəziyyətini görsələr, mütəxəssislər bizə nə deyərlər?
Sima Babayeva






















