Ölkənin maliyyə və biznes mühitində əsl səs-küyə səbəb olan qalmaqallı məhkəmə prosesinin təfərrüatları üzə çıxıb. Maliyyə Nazirliyinin nəhəng dövriyyəyə malik səhmdar cəmiyyəti küncə sıxışdırmaq cəhdi məhkəmə zalında tam fiasko ilə nəticələnib!
Referans Media xəbər verir ki, söhbət illik dövriyyəsi 2,5 milyon manatı aşan Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı açılmış səs-küylü inzibati işdən gedir.
Maliyyə Nazirliyi sözügedən şirkəti 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditini aparmamaqda – yəni məcburi auditdən yayınmaqda ittiham edərək İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edib və işin materiallarını məhkəməyə göndərib. Nazirlik bu addımı “Auditor xidməti haqqında” qanunun pozulması kimi qiymətləndirərək şirkəti cərimə hədəfinə çıxarıb.
Tiraj.az-ın xəbərinə görə, araşdırma zamanı şirkətin 2024-cü il üzrə mənfəət vergisi bəyannaməsi masaya yatırılıb. Məlum olub ki, QSC-nin hesabat dövrünün sonuna ümumi gəliri nə az, nə çox – düz 2 milyon 761 min 759,38 manat təşkil edib. İlk baxışdan milyonlarla ölçülən bu dövriyyə nazirliyin əlində əsas “kozır” kimi görünsə də, məhkəmə araşdırması tamam fərqli mənzərəni ortaya çıxarıb.
Hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə “Mühasibat uçotu haqqında”, “Auditor xidməti haqqında” qanunlar və Mülki Məcəllənin müvafiq maddələri eninə-boyuna təhlil edilib. Məlum olub ki, qanunvericilikdəki 3 milyon manatlıq hədd Maliyyə Nazirliyinin bütün arqumentlərini alt-üst edir!
Belə ki, Mülki Məcəllənin 91-ci maddəsinin 4 və 5-ci bəndlərinə əsasən, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatları illik hesabatlarını müstəqil auditora yoxlatmalıdır. Lakin həmin QSC-nin illik dövriyyəsi 3 milyon manatdan az (2,76 milyon manat) olduğu üçün o, qanunla kiçik sahibkarlıq subyekti statusu daşıyır.
Məhkəmə belə qənaətə gəlib ki, məcburi audit tələbi bütün şirkətlərə kor-koranə şamil edilə bilməz və sahibkarlıq subyektinin ölçüsü bu məsələdə həlledici rol oynayır. Nəticədə QSC-nin məcburi auditdən yayınmaya görə inzibati məsuliyyət daşıyan subyektlər sırasına daxil olmadığı təsdiqlənib.
Hakim Kamal Babayev şirkətin əməllərində, ümumiyyətlə, inzibati xəta tərkibi tapmadığı üçün Maliyyə Nazirliyinin tərtib etdiyi protokolu əsassız sayaraq işin icraatına xitam verib. Beləliklə, 2,7 milyonluq dövriyyəsi olan şirkəti cəzalandırmaq istəyən nazirliyin cəhdi məhkəmədə boşa çıxıb./Musavat.com/
