Qəzza müharibəsi fonunda FIFA və UEFA-nın ikili standartları, Batumidə yaşanan gərginlik və beynəlxalq idmanın siyasi dilemması...
İsrail coğrafi baxımdan Asiya qitəsində, daha dəqiq desək, Cənub-Qərbi Asiyada, Yaxın Şərq regionunda, Aralıq dənizinin şərq sahillərində yerləşir. Avropa Liqası oyunları çərçivəsində “Beşiktaş”ın İstanbulda İsrailin “Hapoel Beer-Sheva” klubu ilə mümkün qarşılaşmasının neytral meydanda – Batumidə keçirilməsi və oyun zamanı yaşananlar İsrailin niyə Avropada yarışdığını, ümumiyyətlə, beynəlxalq idman yarışlarında iştirakını bir daha gündəmə gətirib. Xüsusilə Qəzza zolağında davam edən hərbi əməliyyatlar fonunda FIFA və UEFA-ya, eləcə də digər beynəlxalq idman qurumlarına İsrailə qarşı sanksiyalar tətbiq etmək çağırışları yenidən artıb.
Batumidə azarkeşlərlə Gürcüstan polisi arasında gərginlik yaradan “Fələstin məsələsi” hələ 1974-cü ildə İsrailin Asiyadakı beynəlxalq yarışlardan, xüsusilə futboldan uzaqlaşdırılmasına səbəb olub. Yəni ərazisi kiçik olsa da, bir tərəfdən Afrika qitəsinə yaxın, digər tərəfdən Asiyada yerləşən İsrailin təxminən 50 ildir Avropa qitəsinin təmsilçisi kimi qəbul edilməsinin arxasında ərəb ölkələri ilə uzunmüddətli və bu gün də davam edən siyasi qarşıdurma dayanır.
İsraillə bağlı həlledici qərar 1974-cü il sentyabrın 14-də, Tehranda keçirilən Asiya Oyunlarının başa çatmasına yaxın qəbul edilib. İsrailin qovulmasının təşəbbüskarı Küveyt olub. Küveytin əsas arqumenti belə idi ki, İsrailin təşkilatda iştirakı bir sıra Asiya ölkələrinin yarışlarda iştirakına mane olur. Müzakirələrdə Fələstin məsələsi və İsrailin bu torpaqlardakı işğal siyasəti əsas müzakirə mövzusu olub.
Beləliklə, İsrail Asiya Futbol Konfederasiyasından səsvermənin nəticəsi olaraq faktiki olaraq kənarlaşdırılıb. Ölkə bundan sonra təxminən 18 il Asiya futbol sistemindən kənarda qalıb. 1991-ci ildə İsrail komandaları UEFA bayrağı altında bəzi oyunlarda iştirak etməyə başlayıb, 1994-cü ildə isə rəsmən UEFA-ya üzv olub. Yaxın Şərqin problemli ölkəsi beləcə “Avropa”ya çevrilib. “Beşiktaş”la oyun ətrafında baş verənlər isə təsdiqlədi ki, İsrail klubları artıq Avropa futbolunda da ciddi mübahisə və gərginlik mövzusuna çevrilməkdədir.
Məlumdur ki, çoxsaylı günahsız insanların, xüsusilə uşaqların ölümü ilə nəticələnən Qəzza müharibəsi səbəbindən İsrailin beynəlxalq idman yarışlarından uzaqlaşdırılması tələbləri daha da güclənib. 2025-ci ilin sentyabrında İspaniyanın baş naziri Qəzzadakı hadisələr davam etdiyi müddətdə İsrailin idmandan kənarlaşdırılması təklifini irəli sürüb. İrlandiya Futbol Federasiyası isə İsrailin UEFA yarışlarından kənarlaşdırılmasını tələb etmək qərarı verib. Hətta Qərbdə nüfuzlu təşkilatlardan biri sayılan “Amnesty International” da FIFA və UEFA-dan İsrailin futbol yarışlarından uzaqlaşdırılmasını tələb edib. Lakin bu çağırışlar hələlik nəticə verməyib.
Halbuki Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən cəmi bir neçə gün sonra FIFA və UEFA Rusiya milli komandalarını və klublarını öz yarışlarından kənarlaşdırıblar. Olimpiya Oyunlarında isə Rusiya idmançıları üçün ayrıca neytral status mexanizmi tətbiq olunub.
Dünənki hadisələr fonunda İsrailə niyə sanksiyaların tətbiq edilməməsinin bir neçə səbəbi var. Rusiya ilə bağlı qərarın qəbulunda 40-dan çox milli futbol federasiyasının mövqeyi və ruslarla oynamaqdan imtina etməsi mühüm rol oynayıb. İsrailə münasibətdə isə nə FIFA-da, nə də UEFA-da vahid kollektiv mövqe mövcuddur. İspaniya və İrlandiya kimi ölkələrdə sanksiya çağırışları səsləndirildiyi halda, məsələn, Almaniya bu addıma qarşı çıxır. Bu da İsraillə bağlı konkret sanksiya qərarının qəbulunu çətinləşdirir.
Əlbəttə, İsrailin idman yarışlarından kənarlaşdırılması nə Fələstindəki vəziyyəti düzəldəcək, nə də Təl-Əvivin Qəzza siyasətini yumşaldacaq. İndi Batumi stadionunda yaşananlara görə tərəflər bir-birini ittiham edirlər. UEFA-nın qaydaları tələb edir ki, futbol yarışlarında siyasi, milli və irqi ayrı-seçkiliyi təbliğ edən plakatlar nümayiş etdirilməsin, bu məzmunlu şüarlar səsləndirilməsin. Amma o da var ki, məhz belə beynəlxalq yarışlar çox vaxt hər hansı hadisəyə münasibət bildirmək üçün cəlbedici meydana çevrilir.
Erməni təxribatçılarının “Qarabağ”ın oyunlarında qondarma “DQR”in əski parçasını nümayiş etdirmələrini unutmamışıq. Fələstin məsələsi, əlbəttə ki, dünyanın onilliklərdir qanayan yarasıdır. Bunu bir oyunda etiraz plakatı nümayiş etdirməklə həll etmək, problemə münasibəti köklü şəkildə dəyişmək mümkün deyil. Amma bu, həm də ədalətsiz dünyaya etiraz üçün seçilmiş formalardan biridir. BMT və digər beynəlxalq təşkilatlar üzərlərinə düşən vəzifəni yerinə yetirməyəndə etirazın bu cür formalarına da əl atılır.
Statistiklər üçün deyim ki, “Hapoel Beer-Sheva” klubunda İsrail vətəndaşı olan cəmi bir neçə futbolçu var. Onların arasında iki ərəb əsilli oyunçular da yer alır.../musavat.com/
