Şimali Koreyanın Rusiyaya silah və hərbi sursat tədarükünü müvəqqəti dayandırdığı iddia olunur.
Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin (GUR) məlumatına görə, qərar birbaşa Şimali Koreya lideri Kim Çen In tərəfindən qəbul edilib.
İddialara əsasən, Moskva ilə Pxenyan arasında yaranan gərginliyin səbəbləri arasında Rusiyanın Cənubi Koreya ilə yaxınlaşmaq cəhdləri, Şimali Koreya hərbçilərinin Ukrayna müharibəsində ağır itkilər verməsi və Pxenyanın Çinlə münasibətləri yenidən gücləndirməsi dayanır.
Referans Media xəbər verir ki, ABŞ-ın The Daily Beast nəşrinin Ukrayna kəşfiyyat məlumatlarına istinadən yaydığı xəbərə görə, Rusiya və Şimali Koreya arasındakı diplomatik böhran oktyabr ayında başlayıb.
Məlumata görə, Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Koreya yarımadasında gərginliyin azaldılması üçün Moskvanın təşəbbüs göstərə biləcəyini açıqlayıb. Bu açıqlama Pxenyanın narazılığına səbəb olub.
Şimali Koreyanın xarici işlər naziri Çoe Son Hui Rusiyadan izahat tələb edib və bu yanaşmanın iki ölkə arasında mövcud strateji tərəfdaşlıqla uyğun gəlmədiyini bildirib.
İddialara görə, Pxenyan bundan sonra Rusiyaya bütün hərbi yardımları dayandırmaq qərarı verib.
Ukrayna kəşfiyyatının məlumatına əsasən, Şimali Koreya KN-23 ballistik raketlərinin və yeni artilleriya sursatlarının tədarükünü dayandırıb.
Bundan əlavə, Rusiyanın hərbi nəqliyyat təyyarələrinin Şimali Koreya hava məkanından istifadəsinə də məhdudiyyət qoyulduğu iddia edilir.
Moskvanın Rusiyada yerləşən təxminən 8 min 500 Şimali Koreya hərbçisinin sayını 50 minə çatdırmaq tələbinin də dayandırıldığı bildirilir.
Ukrayna kəşfiyyatının iyul ayındakı qiymətləndirmələrinə görə, Rusiya ordusunun istifadə etdiyi sursatların 25-40 faizi Şimali Koreya tərəfindən təmin edilirdi.
Hazırda Pxenyanın Rusiyadakı hərbi birliklərini geri çəkmək variantını da nəzərdən keçirdiyi qeyd olunur.
Mütəxəssislər bildirirlər ki, Pxenyan Rusiyaya əlavə döyüş qüvvələri göndərməkdə ehtiyatlı davranır.
Ukraynanın keçmiş Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andriy Kovalenko bildirib ki, Şimali Koreya qüvvələri Rusiyanın Kursk bölgəsindəki döyüşlərdə iştirak etsə də, Donetsk istiqamətində genişmiqyaslı hücum əməliyyatlarına birbaşa qoşulmaq istəmir.
Ukrayna kəşfiyyatı isə Şimali Koreya əsgərlərinin ağır itkilər verməsi, hərbi koordinasiya problemləri və Rusiya komandirlərinin onlara qarşı münasibətinin əməkdaşlığın genişlənməsinə mane olduğunu iddia edir.
Rusiyanın Ukraynaya qarşı müharibədən sonra Cənubi Koreya ilə pozulan iqtisadi və diplomatik əlaqələri bərpa etməyə çalışdığı bildirilir.
Rudenko daha əvvəl Seulun müharibədən sonra Moskva ilə münasibətləri normallaşdırmaq istədiyinə dair siqnallar aldığını və birbaşa aviareyslərin bərpasının müzakirə edildiyini açıqlamışdı.
Cənubi Koreyanın Rusiyadan kömür idxalının da 2026-cı ildə əvvəlki illə müqayisədə 35 faiz artdığı qeyd olunur.
Lakin 2024-cü ilin iyununda Rusiya ilə qarşılıqlı hərbi yardım maddəsini ehtiva edən strateji tərəfdaşlıq sazişi imzalayan Pxenyan üçün Moskvanın Seulla yaxınlaşması əsas narazılıq səbəblərindən biri hesab olunur.
Ekspertlər hesab edirlər ki, Şimali Koreyanın Çinlə münasibətləri gücləndirməsi Rusiyadan gözlədiyi dəstəyi tam ala bilməməsi ilə bağlı ola bilər.
Cənubi Koreyanın Birləşmə Nazirliyinin keçmiş sözçüsü Con Cun Hi bildirib ki, Pxenyanın Pekinlə əlaqələri möhkəmləndirməsi Moskva ilə əməkdaşlıqdan əldə etdiyi nəticələrdən narazılığı ilə əlaqəli ola bilər.
Bununla belə, Rusiya Şimali Koreya üçün hələ də mühüm tərəfdaş olaraq qalır. Xüsusilə pilotsuz uçuş aparatları texnologiyası və hərbi dəniz imkanlarının inkişafı sahəsində Moskvanın Pxenyan üçün əhəmiyyətli olduğu vurğulanır.
Diplomatik əlaqələrin isə tamamilə dayandırılmadığı bildirilir. Rusiya Prezidenti Vladimir Putin noyabrın 16-da Kim Çen Inın yaxın əməkdaşlarından biri, Koreya Əmək Partiyasının rəhbərlərindən Co Yon Vonu Kremldə qəbul edib və iki ölkə arasındakı hərbi əməkdaşlığı yüksək qiymətləndirib.
