image-tehsil-nazirliyi-1backend

Məktəblilər üçün “Səslərimiz Birləşsin” adlı I Xor Festivalı başlayır

Məktəblilər üçün “Səslərimiz Birləşsin” adlı I Xor Festivalı başlayır

 

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalına start verilir.

 

Festivalın əsas məqsədi şagirdlər arasında xor mədəniyyətinin inkişaf etdirilməsi, milli musiqi dəyərlərinin təbliği və kollektiv ifa bacarıqlarının formalaşdırılmasıdır.

 

Layihə çərçivəsində Bakı şəhəri və regionlarda ümumi təhsil müəssisələrinin musiqi müəllimləri üçün şagirdlərlə xor dərslərinin təşkilinə dair məlumatlandırıcı sessiya və təlimlər keçiriləcək. Daha sonra isə təlimlərdə iştirak etmiş müəllimlər tərəfindən dövlət ümumtəhsil məktəblərində xor dərsləri və kollektiv ifa məşqləri təşkil olunacaq, həmçinin şagirdlərdən ibarət xor kollektivləri yaradılacaq. Xor kollektivi formalaşdıran müəllimlər qeydiyyatdan keçərək festivalda iştirak edə  biləcəklər.

 

Eyni zamanda xor dərslərinin keçirilməsi qaydalarını əhatə edən 5–7 dəqiqəlik videomateriallar hazırlanaraq təqdim olunacaq. Bu təlim və videomateriallar məktəblərdə xor fəaliyyətinin daha sistemli və keyfiyyətli təşkilinə dəstək xarakteri daşıyır.

 

Xor kollektivləri aşağıdakı yaş qruplarını əhatə edəcək:

  • 7–10 yaş
  • 11–14 yaş
  • 15–18 yaş

 

Festivalın iki mərhələli seçim turunu uğurla başa vuran 10 xor kollektivi layihənin yekununda keçiriləcək Qala konsertdə səhnə alacaq və mükafatlandırılacaqlar.

Festivala son müraciət tarixi: 15 aprel, 2026-cı il

 

12 mart saat 14:00-da isə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında musiqi müəllimləri üçün I Xor Festivalı ilə bağlı xüsusi infosessiya keçiriləcək.

 

Bu görüş sadəcə məlumatlandırma deyil — məktəblərinizdə peşəkar və sistemli xor mühitinin formalaşdırılması üçün praktik istiqamətlər təqdim edəcək.

 

Festivalda iştirak etmək üçün aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:

https://forms.gle/NTwawXtV89ZcaeM98

 

 

Qeydiyyat zamanı hər hansı sual yaranarsa:

Əlaqə nömrəsi: 050-461-57-55

Elektron poçt ünvanı: info@medeniyyetkonulluleri.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki