Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu əri tərəfindən tüfənglə vurularaq öldürülən 47 yaşlı Emine Çilin qətldən təxminən 2 saat əvvəl sosial şəbəkədə etdiyi paylaşımlar diqqət çəkib.
Referans Media xəbər verir ki, hadisə sentyabrın 20-də axşam saatlarında Payas rayonunun Yenişehir məhəlləsində baş verib. Məlumata görə, 54 yaşlı K.Ç. boşanma mərhələsində olduğu, iki övladının anası Emine Çilə pompalı tüfənglə atəş açıb. Ağır yaralanan qadın hadisə yerində həyatını itirib.
Hadisədən sonra ərazidən uzaqlaşan şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb. K.Ç.-nin hadisə zamanı istifadə etdiyi pompalı tüfəngin də onun üzərində olduğu bildirilib. Şübhəlinin polis bölməsindəki istintaq və digər prosessual tədbirləri davam edir.
Hadisənin ən diqqətçəkən məqamlarından biri isə Emine Çilin ölümündən təxminən 2 saat əvvəl sosial şəbəkə hesabında etdiyi iki paylaşım olub.
Qadının paylaşdığı ilk ifadədə belə yazılıb: “Bilirsiniz, çiçəklər çox gözəl açanda ‘yerini sevdi’ deyirik. İnsan üçün də eynisi keçərlidir. Açdığı yer var, solduğu yer var.”
Çilin digər paylaşımında isə bu ifadələr yer alıb: “Sıfırdan gəlmişəm, yıxılmaqdan qorxmuram. Ol əmrini verən öl əmrini verənə qədər oyundayam.”
Qadının bu sözləri ölümündən qısa müddət əvvəl paylaşması sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Hadisə ilə bağlı araşdırma davam edir.
