Uqanda Türkiyə ilə bütün hərbi və müdafiə əməkdaşlığını dayandırıb.
Referans Media xəbər verir ki, qərar Türkiyədə yaşayan və Uqanda Prezidenti Yoveri Musevenini tənqid edən siyasi fəal Fred Lumbuyenin ölkəyə təhvil verilməsi ilə bağlı yaranan gərginlik fonunda qəbul edilib.
Uqanda Xalq Müdafiə Qüvvələrinin (UPDF) sözçüsü Kris Magezi bildirib ki, Türkiyə ilə bütün müdafiə və hərbi əməkdaşlıq dərhal dayandırılıb.
Onun sözlərinə görə, qərar iki ölkə arasında müdafiə və hərbi əməkdaşlıqla bağlı mövcud məsələlər həll olunana qədər qüvvədə qalacaq.
Qeyd edək ki, Uqanda Ordusunun rəhbəri Muhoozi Kaineruqaba uzun müddətdir Türkiyədən Fred Lumbuyenin ekstradisiyasını tələb edir.
Fred Kajubi Lumbuye 2013-cü ildə Türkiyəyə sığınıb. O, Uqanda hakimiyyəti tərəfindən zorakılığa təhrik, yanlış məlumatların yayılması və kibercinayətlərlə bağlı ittiham olunur.
Xatırladaq ki, Kaineruqaba daha əvvəl Türkiyədən 1 milyard dollar tələb edib və əks halda Türkiyənin Uqandadakı səfirliyini bağlamaqla hədələyib. General həmçinin Türkiyənin ən gözəl qadınını həyat yoldaşı kimi istədiyini də yazmışdı./Globalinfo.az/
