Ramiz Mehdiyevlə bağlı mühüm gəlişmə – Həbsxanaya salınır?

Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi bu gün başlayıb. Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilib. Növbəti məhkəmə iclası oktyabrın 5-ə təyin olunub.

Hazırda əsas suallardan biri R.Mehdiyev ev dustaqlığının həbslə əvəzlənməsi ehtimalıdır. Bəs Ramiz Mehdiyev məhkəmənin qərarı ilə ev dustaqlığından çıxarılaraq həbsxanaya göndərilə bilərmi, yoxsa yaşının çox olması buna mane olur?

Referans Media bildirir ki, Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, Ramiz Mehdiyev barəsində qətimkan tədbirinin dəyişdirilməsi məhkəmənin qərarından asılıdır:

“İşdə zərərçəkmiş yoxdur, dövlət əleyhinə olan cinayətdir. Buna görə də bu məsələ prokurorun təqdim etdiyi əsaslar və məhkəmənin qərarından asılıdır. Əgər ev dustaqlığının cəzaçəkmə müəssisəsi ilə əvəz olunmasına zərurət yaranarsa, belə bir qərar verilə bilər. Burada yaş məsələsi nəzərə alınmır. Çünki törədilməsi iddia olunan cinayət ağır cinayət hesab olunur”.

Vəkil iş üzrə şahidlərin də olduğunu vurğulayıb:

“Şahidlərə təzyiq göstərilməsi və ya digər halların mövcudluğu nəzərə alınaraq, məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilə bilər. Lakin hər halda ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiqi mümkün deyil. Yaşı buna imkan vermir. Digər hallarda isə qanunvericiliyin tələblərinə uyğun olaraq 20 ilədək azadlıqdan məhrumetmə cəzası mümkün ola bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki