ABŞ ordusunun süni intellektlə işləyən çatbotun yanlış məlumatı səbəbindən Çin bayraqlı gəmiyə basqın etməkdən son anda çəkindiyi məlum olub.
Referans Media xəbər verir ki, CNN-in məlumatına görə, hadisə 2026-cı ilin yazında ABŞ-İran müharibəsi zamanı baş verib. ABŞ ordusunda çalışan analitik açıq mənbələr və məxfi siqnal kəşfiyyatını təhlil etmək üçün süni intellekt çatbotundan istifadə edib. Çatbot Yaxın Şərqdə fəaliyyət göstərən Çin bayraqlı gəminin nüvə silahı komponentləri daşıdığı barədə yanlış nəticə çıxarıb.
Analitik məlumatı ayrıca yoxlamadan onu hərbi kəşfiyyat hesabatı formasına salaraq komandanlığa təqdim edib. Bundan sonra ABŞ döyüş təyyarələri havaya qalxıb və silahlı hərbçilər gəmiyə çıxmağa hazırlaşıb. Lakin əməliyyata bir neçə dəqiqə qalmış məlumatın səhv olduğu aşkarlanıb və mümkün hərbi qarşıdurmanın qarşısı alınıb.
Hadisə süni intellektin hərbi və kəşfiyyat sahəsində insan yoxlaması olmadan istifadəsinin ciddi risklər yarada biləcəyini bir daha gündəmə gətirib. Ekspertlər belə səhvlərin nüvə gücləri arasında yanlış hesablamalara və diplomatik böhranlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
