Çinin texnologiya nəhəngi "Oppo"nun alt brendi olan "OnePlus" qlobal restrukturizasiya strategiyası çərçivəsində ABŞ və Avropa bazarlarındakı fəaliyyətini dayandırmağa hazırlaşır. Sənaye mənbələrinin məlumatına görə, artan rəqabət və yüksələn istehsal xərcləri şirkətin Qərb bazarlarından geri çəkilməsi qərarında əsas rol oynayıb.
Referans MEDİA xəbər verir ki, Bir vaxtlar "flaqman qatili" kimi tanınan və qiymət-performans nisbəti ilə geniş istifadəçi auditoriyası qazanan "OnePlus" son illərdə bazardakı mövqeyini əhəmiyyətli dərəcədə itirib.
Məlumata görə, şirkətin qərarı "Oppo"nun yeni qlobal strategiyası ilə əlaqədardır. Hazırda qlobal smartfon bazarında Apple və Samsung lider mövqedə qalır, "OnePlus" isə xüsusilə ABŞ və Avropa bazarlarında bazar payını əhəmiyyətli dərəcədə itirərək daha çox məhdud istifadəçi kütləsinə xidmət edən brendə çevrilib.
Ekspertlər bildirirlər ki, yaddaş çipləri və yarımkeçirici komponentlərin bahalaşması istehsal xərclərini ciddi şəkildə artırıb. Bu isə aşağı mənfəət marjası ilə işləyən şirkətlər üçün əlavə maliyyə yükü yaradıb. Bundan başqa, "OnePlus" 15 modelinin ABŞ-da sertifikatlaşdırma prosesində üzləşdiyi problemlər və logistika çətinliklərinin də geri çəkilmə prosesini sürətləndirdiyi qeyd olunur.
Sənaye dairələrində yayılan məlumatlara əsasən, şirkət gələn ildən etibarən Hindistan da daxil olmaqla digər böyük bazarlarda da fəaliyyətini məhdudlaşdıra bilər.
Bununla yanaşı, "Oppo"nun digər alt markası olan "Realme" ilə bağlı da oxşar iddialar gündəmdədir. Sektora yaxın mənbələr dəyişən rəqabət şəraitinə görə Realme-nin də yaxın gələcəkdə Çin bazarındakı fəaliyyətini dayandıra biləcəyini irəli sürür.
Qeyd edək ki, şirkət tərəfindən bu məlumatlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
