Telefonun itirilməsi və ya oğurlanması yalnız cihazın özünün itirilməsi ilə nəticələnmir. Telefonda bank tətbiqlərinin, sosial şəbəkə hesablarının, elektron poçtun və şəxsi məlumatların olması onu kiberdələduzlar üçün potensial hədəfə çevirə bilər. Mütəxəssislər belə hallarda vətəndaşların panikaya düşmədən, ilk növbədə cihazı və SIM kartı bloklamasının, daha sonra isə bank və digər vacib hesabların təhlükəsizliyini təmin etməsinin vacibliyini bildirirlər.
Referans Media-ya açıqlama verən İT mütəxəssisi Kamran Əsədullayev bildirib ki, telefon itirildikdə və ya oğurlandıqda vətəndaş ilk növbədə panikaya düşmədən telefonu uzaqdan kilidləməli və mobil operatorla əlaqə saxlayaraq SIM kartı bloklatmalıdır.
Onun sözlərinə görə, telefonun özündən əlavə, həmin nömrə vasitəsilə SMS təsdiq kodlarına və müxtəlif hesabların bərpasına cəhd edilə bilər.
“Daha sonra bankla dərhal əlaqə saxlanılmalı, bank tətbiqinə giriş və kart əməliyyatları nəzarətə götürülməlidir. Eyni zamanda əsas e-mail hesabının və digər vacib hesabların şifrələri dəyişdirilməli, aktiv sessiyalar yoxlanılaraq itirilmiş cihaz bütün hesablardan çıxarılmalıdır”, - deyə İT mütəxəssisi bildirib.
Kamran Əsədullayev qeyd edib ki, sosial şəbəkələrdə də eyni qayda tətbiq olunmalıdır.
“Xüsusilə WhatsApp, Telegram, Instagram, Facebook və e-mail hesablarında aktiv cihazlar yoxlanılmalıdır. İki mərhələli doğrulamanın — 2FA-nın aktiv olması da əlavə qoruma yaradır”, - deyə o vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, telefonun geri qaytarılacağına ümid yoxdursa və cihazda həssas şəxsi məlumatlar varsa, uzaqdan məlumatların silinməsi ən təhlükəsiz variantlardan biridir.
“Ən vacib məqam isə budur: oğurluqdan sonra kimsə ‘telefonunuzu tapmışıq’ və ya ‘hesabınızı bərpa etmək üçün kodu deyin’ deyə müraciət edə bilər. SMS kodu, bank məlumatları, parol və ekran kilidi heç kimə verilməməlidir”, - deyə Kamran Əsədullayev əlavə edib.
O bildirib ki, əsas prinsip sadədir: əvvəlcə cihazı və SIM-i bloklamaq, sonra bank və əsas hesabları qorumaq, daha sonra isə digər hesabların təhlükəsizliyini təmin etmək lazımdır.
Gülnaz Abdullazadə
