image-bilal-aliyev-nadir-qafarzadebackend

Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…””

Türkiyəli müğənni İbrahim Tatlısəsin var-dövlətini övladlarına deyil, dövlətə bağışlaması müzakirələrə səbəb olub. Sözügedən qərar Azərbaycan şou ictimaiyyətində də müxtəlif cür dəyərləndirilib.

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan Xalq artisti Bilal Əliyev deyib ki, o, əldə etdiklərini heç kimə vəsiyyət etmir:

“İşi elə qurmuşam ki, harada gözümü yumsam, bölgü öz axarı ilə gedəcək. Məsələn, görsəm ki, bir qardaşım və ya bacım kasıbdır, onun üçün ev tikirəm, xəstə olana dəstək oluram, əzizlərimə qayğı göstərirəm. Tikdirdiyim evi onların adlarına keçirirəm. Amma övladı düzgün hərəkət etməsə, atanın mülkünü dövlətə bağışlaması normaldır”.

Tanınmış müğənni Nadir Qafarzadə hər şeyi övladlarına vəsiyyət edəcəyini bildirib:

“Ağıllı insan mənim kimi düşünər, nəyi varsa, övladlarına verər. Əgər pul çoxdursa, o zaman övladlarına bütün şəraiti qurduqdan sonra kasıblar üçün də nələrsə etmək olar. Pulun varsa, xəstələrin müalicəsinə dəstək ol. O qədər evi olmayan, sağlamlığında problemi olan insanlar var. Bu kimi insanlara dəstək olmaq daha məqsədəuyğundur”.

N.Qafarzadənin fikrincə, Türkiyə dövlətinin İbrahim Tatlısəsin puluna ehtiyacı yoxdur:

“Bəlkə də məni qınayacaqlar, amma İbrahim Tatlısəs yaxşı insandırsa, övladları arasında bölgü aparmalı idi. Bundan sonra ehtiyacı olanlara dəstək ola bilərdi. Bu, Allah tərəfindən daha müsbət qarşılanardı. Hər yerdə olduğu kimi, Türkiyədə də kifayət qədər ehtiyaclı ailələr var. Sağlığında bir komanda yaradar, o kəslərə bağışlayardı. Onun bu addımı Allaha da xoş gələrdi, neçə ailə də xoşbəxt olardı. Amma o pul hansısa quruma gedəcək və hara, kimə xərclənməsi məlum olmayacaq. Allah insanın ağlını başından almasın. Gözəl sənətkar olmaq gözəl insan olmaq demək deyil. Çalışaq yaxşı insan olaq, başqalarını da düşünək. Mən İbrahim Tatlısəsi təhqir etmirəm, sadəcə, fikrim budur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki