Son dövrlərdə Rusiya Azərbaycana qarşı informasiya müharibəsini daha da intensivləşdirib və təzyiqlərini artırıb. Bu hibrid müharibə
çərçivəsində qarşı tərəfin təzyiqlərinə qarşı Azərbaycan öz strateji mövqeyini gücləndirmək üçün adekvat və çevik addımlar atdığına dair xəbərlər
var. Müdafiədən hücum taktikasına keçmək üçün zəmin formalaşır və Bakı artıq regional oyun qaydalarını özünə uyğun şəkildə müəyyən etməyə
başlayıb. Azərbaycan həm daxildə, həm də beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirərək, qarşıya qoyulan çağırışlara qarşı qətiyyətli duruş
nümayiş etdirir.
Referans xəbər verir ki,Globalinfo.az-a danışan ARB24-ün siyasi analitik verilişi “Nə baş verir?”in aparıcısı Jalə Həsənli deyib ki, Rusiya artıq Cənubi
Qafqazdakı təsir gücünün azaldığının fərqindədir:
“Məğlubiyyət isə hər zaman acıdır. Xüsusilə də Rusiya kimi imperialist ideyalarla yaşayan bir dövlət üçün. Rusiyanın heç də yad olmayan siması bu
dəfə xəbər portallarında, tok-şoularında, troll şəbəkələrində görünür. Bakı artıq oyunun qaydalarını özü yazır, Moskva isə bununla barışmaq
istəmir. 90-cı illərdəki kimi tanklarla yox, bu dəfə üzərimizə təzyiqlərlə gəlməyə çalışır. 90-cı illərdə tankdan qorxmayan bir milləti indi sözlə,
təzyiqlə qorxutmaq mümkündürmü? Əlbəttə ki, yox.
Son aylarda Azərbaycana qarşı Rusiya tərəfindən aparılan kütləvi informasiya hücumu nə təsadüfdür, nə də emosional reaksiya. Bu,
sistemləşdirilmiş və strateji məqsəd güdən hibrid müharibənin bir parçasıdır. Bu hibrid müharibə üzdə bizə qarşı görünsə də, əslində ümumilikdə
Cənubi Qafqaza və regionun müttəfiqlərinə qarşı aparılan siyasətin təzahürüdür.
Baxın, Rusiya nə zaman aktivləşməyə başladı? O zaman ki, ABŞ-ın Cənubi Qafqaz planı ortaya çıxdı. Rusiya təşvişə düşdü ki, birdən Zəngəzur
dəhlizi açılar, nəzarət başqasının əlinə keçər, türk dünyası güclənər. Və ya, ay aman, Azərbaycanla Ermənistan arasında sülh bağlanar, məkan
Moskva olmaz, mən də istəklərimi masaya qoya bilmərəm. Elə bu günlərdə ölkə başçımızla Ermənistanın baş nazirinin Vaşinqtonda görüşə biləcəyi
xəbərinin yayılması da Rusiyanın troll mediasının yenidən aktivləşməsinə səbəb oldu.
Bəs əslində nə baş verir? Kreml niyə bu qədər əsəbidir? Çünki Rusiyanı qəzəbləndirən 3 əsas faktor var:
Jalə Həsənlinin sözlərinə görə, ABŞ-ın təşkil etmək istədiyi Vaşinqton görüşü, Rusiya tərəfindən sülh prosesindən kənarlaşdırılma aktı kimi qəbul
olunur:
“Çünki o masada nə Putin, nə Lavrov var. Dolayısı ilə həmin masada nə “Lavrov planı”, nə də “sülhməramlı oyunu” olacaq. Əgər yekun sülh ABŞ
vasitəçiliyi ilə imzalansa, bu, keçmiş postsovet məkanında Rusiyanın “vasitəçi” statusunun məhvinə səbəb olacaq. Bu, təkcə Cənubi Qafqaz üçün
deyil, həm də Qazaxıstan, Qırğızıstan, Moldova və digər ölkələr üçün “Moskvadan qurtulma presedenti” olacaq.
Moskva üçün bu, kabus ssenarisidir. Kreml elə zənn edir ki, dəhliz açılır, Bakı ilə Ankara birbaşa birləşir, amma Rusiya tranzitdən kənarda qalır.
Zəngəzur dəhlizinə həm İranın, həm də Rusiyanın bu cür baxışı səbəbindən dəhlizin açılması bu qədər gecikir. Azərbaycan isə dəfələrlə bəyan edib
ki, bu dəhliz heç kimin əleyhinə deyil, əksinə, regiona iqtisadi inkişaf gətirə biləcək perspektivli bir layihədir.
Bakıdan rusların erməni mesajına cavab – “Şəhərlərin adı dəyişərsə…”
Qaldı ki, türk dünyasını birləşdirməyə… Əgər türk dünyasına qarşı heç bir kin, küdurət, ədavət yoxdursa, niyə türkün birləşməsi və güclənməsi
Rusiya və İranı narahat etməlidir? Əslində hər iki ölkə bu kimi əngəllərlə öz mahiyyətlərini üzə çıxarırlar.
Rusiya bu vəziyyətə cavab olaraq “informasiya artilleriyası”nı işə saldı. RT, “Sputnik”, Solovyov kimi təbliğatçılar Azərbaycana qarşı ard-arda yalan,
təxribat və manipulyasiyalar yaymağa başladılar: Azərbaycana qarşı “erməniləri sıxışdırır” ritorikası, “Türkiyənin Qafqazdakı jandarmı” kimi
təqdim etmə cəhdləri, İranla qarşıdurma yaratmaq üçün saxta sızmalar və təhlillər. Ən dəhşətlisi isə Rusiyada yaşayan azərbaycanlılara qarşı etnik
basqılar oldu”.
Aparıcı qeyd edir ki, Yekaterinburqda baş verən hadisə – azərbaycanlıların yerə yıxılıb döyülməsi – təkcə hüquq-mühafizə orqanlarının zorakılığı
deyildi:
“Bu, Moskvanın yuxarıdan verdiyi “ənənəvi siqnal” idi: tabe olmayanı əzirik. Rəsmi Bakı isə adekvat addımlarla sübut etdi ki, heç kim bizimlə
ultimatum ritorikası ilə danışa bilməz.
Azərbaycan hələlik təmkinli cavab verir – məsələn, “Sputnik”in fəaliyyətinə qarşı hüquqi addımlar, rəsmi bəyanatlar, media strukturlarında cavab
materialları. Amma məsələ burasındadır ki, Rusiya təmkin dilindən başa düşmür. O, yalnız güc dilini anlayır. Bu səbəbdən Azərbaycan informasiya
müharibəsində müdafiədən hücuma keçməlidir. Mediada Kremlin yalanlarını ifşa edən, həqiqətləri faktlarla ortaya qoyan materialların sayı
artırılmalı, Rusiya daxilindəki soydaşlarımıza qarşı haqsızlıqlar və regionlardakı müqavimətlər işıqlandırılmalı, Türk dünyası ilə informasiya bloku
sinxron işləməlidir.
Telegram, X, YouTube, TikTok kimi platformalarda Azərbaycan daha da aktiv olmalıdır. Hədəf yalnız daxili yox, həm də rus və beynəlxalq auditoriya
olmalıdır.
Oyunu artıq biz qururuq. Heç kimin də havasına oynamırıq. Moskva dəyişməyəcək. Çünki Kreml nə zaman Cənubi Qafqazda real müstəqillik,
balanslı diplomatiya və türk birliyi görürsə, sərhədləri yox, kabuslarını qorumağa başlayır. Ancaq biz artıq qorxudan yox, gücümüzdən danışırıq.
Hibrid təzyiqlərlə, etnik şantajla, təbliğatla Azərbaycanı dayandırmaq mümkün deyil.
Çünki biz yolumuza artıq toplarla, tüfənglərlə yox, sarsılmaz dövlət iradəsi, beynəlxalq hüquq və geosiyasi çevikliklə davam edirik. Bu regionda
diktə dövrü başa çatıb. Bunu hamı anlamalıdır. İndi kimin nə qədər çox silahı olduğu qədər, kimin nə qədər müttəfiqi olduğu da önəmlidir.
Azərbaycan isə tək deyil və heç vaxt da tək olmayacaq. Yolumuza davam edəcəyik… Qələbə, sülh və ləyaqətlə. Buna dəstək olub yanımızda
dayananlara hörmətimiz sonsuzdur, buna əngəl olanlara isə mövqeyimiz qətidir”.