backend

Moskvanın Qafqazda yeni konfliktlər yaratmaq niyyəti

Gürcüstanı alətə çevirmək planı
Bakı ilə Tiflis arasında azərbaycanlı TIR sürücülərinin gömrük-keçid məntəqəsindən keçməklə bağlı problem həll olunmamış, Azərbaycan neftinin və neft məhsullarının Ermənistana ixracı əngəllərlə üzləşdi. İddia olunurdu ki, Azərbaycanla Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsinin olmadığı bir şəraitdə Tiflis  111 kilometrlik tranzit hissə üçün tarifləri müəyyənləşdirib. Məlum olub ki, Gürcüstan hər ton üçün 92 dollar tarif təklif edir ki, bu da hər kilometr üçün 0,82 dollar deməkdir və ya analoji tariflərdən 40 dəfə bahadır.

Daha sonra bəlli olub ki, Gürcüstan Azərbaycan yanacağının Ermənistana hətta pulsuz tranzitinə razılıq verib.

“Qafqaz xəbərləri” kanalının müəllifi Gela Vasadze Minval.az-a deyib ki, son günlər Tiflis-Bakı münasibətlərində gərginlikdə üçüncü tərəfin müdaxiləsi istisna deyil.  “Mən belə bir ssenarini etiraf edirəm. Bu, pis ssenaridir, lakin heç kim deyə bilməz ki, bu baş verə bilməz. Əgər belədirsə, o zaman bizi çətin günlər gözləyir. Bu, o deməkdir ki, Moskva Gürcüstandan Azərbaycana qarşı alət kimi istifadə etmək qərarına gəlib”, – politoloq bildirib.

Cənubi Qafqazda Rusiya və İrandan yan keçən nəqliyyat layihələri mahiyyət etibarı ilə sərfəli deyil və region ölkələri arasında əməkdaşlığa xələl gətirmək məqsədi daşıyır. “Teleqraf” xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfirinin müşaviri Dmitri Litskay deyib. Rusiyalı diplomat bildirib ki, bölgədə nəqliyyat dəhlizlərinin (“Tramp yolu” və ya Zəngəzur dəhlizini nəzərdə tutur – red.) yaradılması mövzusu çox fəal müzakirə olunur və burada əsas amil logistik xərc və marşrutların rentabelliyidir: “Qərb tərəfdaşlarının təşviq etdiyi marşrutlar Rusiya və İrandan yan keçir, bu layihələr iqtisadiyyatdan çox geosiyasətə əsaslanır. Digər tərəfdən, Qazaxıstandan (Azərbaycan vasitəsilə) Ermənistana son yükdaşıma təcrübəsi göstərir ki, region ölkələri siyasi iradə olduğu halda öz marşrutlarını qura bilərlər”.

Litskay 3+3 platforması barədə qeyd edib ki, bu format əgər onlar regiona konstruktiv ideyalarla gəlirlərsə, xarici qüvvələrlə əməkdaşlığı istisna etmir: “Moskvada keçirilmiş ilk görüş formatın aktual olduğunu göstərdi”.

Beləliklə,  görünən mənzərə budur ki, Rusiya regionda yeni gərginliklərdə maraqlıdır.

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Gürcüstan hakimiyyətinin son dövrlər atdığı addımlar ən azı məntiqsiz addımlar kimi qiymətləndirilə bilər: “Uzun müddət Qərbə yaxınlaşmaq xəttini davam etdirdilər, Avropa İttifaqına üzvlüyə namizəd oldular, Avropa İttifaqının verdiyi üstünlüklərdən faydalandılar və sonra kəskin dəyişiklik edərək Rusiyaya üz tutdular. Nəticədə Qərblə münasibətlər tamamilə pozuldu. Bugünlərdə Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla normal diplomatik münasibətlərin yaradılmasının qarşısındakı əsas maneəni dilə gətirdi və bəyan elədilər ki, Gürcüstan Rusiyadan mümkün olmayanı tələb edir, bu səbəbdən diplomatik münasibətləri bərpa etmək və iki qonşu dövlət arasında normal münasibətlər yaratmaq qeyri-mümkündür. Gürcüstan Rusiyadan ərazilərini – Cənubi Osetiyanı və Abxaziyanı geri qaytarmağı tələb edir. Tiflisin Rusiya ilə münasibətləri normallaşdırmaq üçün əsas şərti budur. Rusiyaya deyir ki, Abxaziyanı və Cənbubi Osetiyanı dövlət kimi tanımaqdan imtina elə. Rusiya isə XİN-in dili ilə dedi ki, bu, qeyri-mümkündür. Onda Gürcüstan nəyə ümid edir? Gürcüstan hakimiyyəti anlamır ki, Rusiyanın Gürcüstan ərazilərini qaytarmaq fikri yoxdur”.

Siyasi ekspertin sözlərinə görə, heç kimə sirr deyil ki, Rusiya bölgədə gərginlikdə maraqlıdır: “Cənubi Qafqazda Rusiyanın möhkəmlənməsinin əsas şərti bu üç dövlət arasında münasibətlərdə soyuqluğun olmasıdır. Bu dövlətlər arasında problem olanda Rusiya orbitr mövqeyinə qalxa bilir və bu yolla da bölgəni idarə etməyə çalışır. 1990-cı illərdə Ermənistan Rusiyanın əlində alətə çevrilmişdi. İndi müəyyən qədər o rolun Gürcüstana verilməsi ehtimalı var. Ancaq Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatını nəzərə alsaq, hesabda Gürcüstan alətə çevrilməməlidir və Rusiyadan ümidlərini üzüb yenidən Qərbə yaxınlaşmaq xəttini götürməlidir. Bölgəni yaxın aylarda təbiidir ki, ciddi problemlər gözləyir. Ermənistanda parlament seçkilərində rusiyayönlü qüvvələrin qalib gəlməsi üçün ciddi iş aparılır və bu, Moskvadan yönləndirilir. Eyni zamanda Ukrayna müharibəsini də sona çatdırmaq ehtimalları mövcuddur. Ortada plan var, ABŞ Zelenskini korrupsiya və yardımları dayandırmaqla təhdid eləyib sülhə məcbur eləmək istəyir. Əgər Zelenski sülh sənədini imzalamasa, korrupsiya qalmaqalını böyüdüb istefaya məcbur etmək planı var. Zelenski də yaxşı başa düşür ki, ya o, sənədi imzalayacaq, ya da onun yerinə başqa şəxs imzalayacaq. Rusiya Trampın planı əsasında sülhə nail ola bilsə, müharibədən ən azından zəifləməmiş çıxacaq, daha iştahalı çıxacaq və həm Mərkəzi Asiyada, həm də Cənubi Qafqazda itirdiyi mövqeləri bərpa etmək üçün əlindən gələni edəcək. Burada da Gürcüstan Rusiyanın əlində alətə çevrilə bilər. Əgər parlament seçkilərində Ermənistanda Rusiyaya yaxın qüvvələr qalib gəlsələr, Ermənistanın da alətə çevrilmə ehtimalı var. Bu da yaxşı heç nə vəd eləmir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki