Böyük Britaniyanın Kardiff Universitetinin alimləri ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynaya biləcək yeni bir maddə aşkarlayıblar.
Referans Media xəbər verir ki, araşdırmaya görə, nar və digər bitki mənşəli qidalarda olan polifenolların bağırsaq bakteriyaları tərəfindən parçalanması nəticəsində yaranan "urolitin A" adlı birləşmə qan damarlarında iltihabı azaltmağa və damar divarlarında yaranan təhlükəli lövhəcikləri sabitləşdirməyə kömək edə bilər. Mütəxəssislər bildirirlər ki, ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında ilk sıralarda qalmağa davam edir. Xolesterolu azaldan dərmanlar bu sahədə mühüm nəticələr versə də, alimlər son illər iltihab, oksidləşdirici stress və bağırsaq mikrobiomunun ürək sağlamlığına təsirini daha dərindən araşdırırlar.
Tədqiqata rəhbərlik edən professor Dipak Ramci və komandası narın tərkibində olan əsas polifenollardan biri sayılan punikalaginin orqanizmdə yaratdığı təsirləri araşdırıblar. Nəticədə məlum olub ki, bağırsaq bakteriyalarının fəaliyyəti nəticəsində yaranan urolitin A ən aktiv və faydalı maddədir. Laboratoriya təcrübələri göstərib ki, bu birləşmə oksidləşdirici stressi azaldır, iltihabi prosesləri zəiflədir, immun hüceyrələrinin damar divarlarına toplanmasının qarşısını alır və damar hüceyrələrində xolesterol yığımını azaldır. Daha sonra alimlər maddəni ateroskleroza meyilli siçanlar üzərində sınaqdan keçiriblər.
Nəticələr göstərib ki, urolitin A qəbul edən heyvanlarda damar lövhəcikləri daha kiçik, daha az iltihablı və daha sabit olub. Bu isə infarkt və insult riskini artıran lövhəcik partlamalarının ehtimalını azaldıb. Araşdırma həmçinin bağırsaq mikrobiomunun əhəmiyyətini də ortaya qoyub. Alimlər qeyd edirlər ki, hər insanın bağırsaq bakteriyalarının tərkibi fərqli olduğundan, urolitin A istehsal etmək qabiliyyəti də dəyişə bilər. Bu səbəbdən narla zəngin qidalanmanın təsiri insanlarda eyni olmaya bilər. Maraqlıdır ki, müsbət nəticələr xolesterol səviyyəsində ciddi dəyişiklik olmadan əldə edilib. Bu isə maddənin klassik xolesterolsalıcı dərmanlardan fərqli mexanizmlə işlədiyini göstərir.
Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə urolitin A statinlər və digər ürək-damar dərmanları ilə birlikdə istifadə edilə bilər. Alimlərin sözlərinə görə, bu maddənin daha bir üstünlüyü onun orqanizm tərəfindən yaxşı mənimsənilməsidir. Əvvəlki tədqiqatlarda urolitin A-nın əzələ fəaliyyəti, hüceyrələrin enerji istehsalı və immun sisteminin yaşlanması ilə bağlı da müsbət təsirləri müşahidə olunub. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, hazırda ürək-damar xəstələri üzərində geniş klinik sınaqlar aparılmayıb. Buna görə də maddənin insanlarda nə dərəcədə effektiv olacağını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var. Əgər gələcək tədqiqatlar da müsbət nəticələr versə, narın tərkibindəki bu maddə ürək-damar xəstəliklərinin müalicəsində yeni və ümidverici vasitələrdən birinə çevrilə bilər./Sfera.az
