backend

NATO-nun Azərbaycan planının şifrələri

2025-ci il ölkəmizlə Şimali Atlantika bloku arasında əməkdaşlıq çox uğurlu oldu – Kremlə yaxın medianın narahatlığı…
Yola salmağa hazırlaşdığımız il Azərbaycan-NATO əməkdaşlığı üçün uğurlu oldu.  Bu əməkdaşlıq özündə yalnız hərbi sahəni əhatə etmir, həm də strateji tərəfdaşlıq, humanitar təhlükəsizlik və regional sabitlik aspektlərini birləşdirir.

Bu ilin əvvəlində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev NATO mənzil qərargahına səfər edib. Fevral ayında isə ölkəmizin ilk dəfə Dəniz Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzinə (DGMM/MARSEC COE) üzv qəbul edilməsi ilə bağlı texniki saziş imzalanıb. Bu il Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti də Brüsseldə işgüzar səfərlər edib. Prezidentin köməkçisi Hikmət Hacıyev sentyabr və noyabr aylarında NATO mənzil-qərargahına səfər edib. Səfər çərçivəsində tərəflər Azərbaycan-NATO tərəfdaşlığının mövcud vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri, eləcə də regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələlər ətrafında müzakirələr aparıb. Sentyabr ayında Azərbaycan NATO-nun əsas mülki fövqəladə halların idarə edilməsi üzrə təlimi olan “BULGARIA 2025″ təlimində iştirak edib.

Noyabr ayında NATO-nun Şimali Atlantik Şurası (ŞAŞ) səfirlərindən ibarət nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycana səfər edib. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Fransa Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxil olub. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də görüşüblər.

Bugünlərdə isə “NATO-nun 16 günü” çərçivəsində Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini – Tərəfdaşlıq İdarəsinin rəisi, kontr-admiral Yusuf Karagüllenin başçılıq etdiyi nümayəndə heyəti Bakıda  səfərdə olub. Səfər zamanı Müdafiə Nazirliyində və Heydər Əliyev adına Hərbi İnstitutda aparılan müzakirələr, həmçinin Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinə baxış Azərbaycanın NATO ilə münasibətlərinə verdiyi önəmi nümayiş etdirib. Tədbirlərdə qeyd olunub ki, Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində ölkəmiz beynəlxalq təhlükəsizliyin təminatında fəal iştirak edib. Azərbaycan Ordusunun şəxsi heyətinin sülhməramlı missiyalardakı fəaliyyəti qlobal təhlükəsizliyə dəyərli töhfə kimi qiymətləndirilib.

Məlum olub ki, NATO Baş katibinin müavini Radmila Şekerinska yanvar ayında Azərbaycana səfər edəcək. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurasının iclası çərçivəsində  Şekerinska ilə görüşüb. Görüş zamanı Azərbaycanla NATO arasında əməkdaşlıq gündəminə daxil olan təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin qorunması, təhsil və digər məsələlər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Maraqlıdır ki, Radmila Şekerinskayanın İrəvana səfəri kontekstində Ermənistan parlamentinin Xarici işlər üzrə daimi komitəsinin sədri Sarqis Xandanyan “Ermənistanın NATO ilə əməkdaşlıq üçün konkret çərçivəsi var, lakin ona qoşulmaq ambisiyası yoxdur”, – deyə bəyan edib. “NATO-nun Ermənistanda olması mümkün deyil, çünki birincisi, Ermənistanın alyansa qoşulmaq ambisiyası yoxdur. Ölkənin NATO ilə əməkdaşlıq üçün konkret çərçivəsi var və bu, heç bir şəkildə NATO-nun Ermənistanda fiziki iştirakını nəzərdə tutmur”, – o bildirib.

Qeyd edək ki, Azərbaycan-NATO əlaqələri bu il ərzində Rusiyanın xüsusi diqqətində olub, Kremlə yaxın media bu münasibətlərə qarşı qərəzli mövqeyi ilə seçilib.

NATO ilə Rusiya münasibətlərinin 2026-cı ildə daha da  gərginləşəcəyi gözlənilir. Azərbaycanla Alyans arasındakı münasibətlərə təsir göstərə bilərmi? NATO-nun Bakıdan istədiyi nədir?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, siyasi şərhçi İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla NATO arasında əlaqələr inkişaf edir və xüsusilə bu əlaqələr 2020-ci il Vətən müharibəsindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: “Amma hesab edirəm ki, burada nəinki NATO-Azərbaycan əməkdaşlığının yeni fazaya qədəm qoymasından danışmalıyıq, digər tərəfdən, həm də alyansın ən önəmli geosiyasi aktorlarından biri olan Türkiyə ordusu modelində Azərbaycanda ordu quruculuğunun inkişafını qeyd etməliyik. Yəni məsələyə birbaşa NATO-Azərbaycan əməkdaşlığının daha da dərinləşməsi kontekstində baxılmamalıdır. Burada qardaş Türkiyənin hərbi, hərbi-texnoloji sahədə əldə etdiyi nailiyyətlərin Azərbaycan Ordusunda tətbiqi rakursundan dəyərləndirilməlidir. Azərbaycan-NATO əməkdaşlığı Rusiyanı narahat edirsə, bu, Rusiyanın narahatlığı və problemidir. Çünki Azərbaycan müasir standartlara malik orduya nail olmaq məqsədini irəli sürüb. Xüsusilə yeni çağırışlar fonunda bu, önəmli milli təhlükəsizlik prioritetidir. Digər tərəfdən, süni intellektin, müasir ordu quruculuğu istiqamətində əldə olunan yeniliklərin Azərbaycan Ordusunda tətbiqi də bu gün gündəlikdədir. Düşünürəm ki, NATO ilə Rusiya arasında olan gərginliyin Azərbaycan-NATO münasibətlərinə təsiri çox az ola bilər.  NATO ilə əməkdaşlıq edən dövlətləri Rusiya öz təhdid siyahısına salsa, bu da qəbul olunan deyil”.

Ekspert onu da nəzərə almağı vacib hesab edir ki, Azərbaycan-ABŞ münasibətləri inkişaf edir və NATO-da əsas söz sahibi, güc mərkəzi Birləşmiş Ştatlardır: “İstər NATO, istər ABŞ Azərbaycanla hərbi əlaqələri də gücləndirmək istəyir. “907-ci düzəliş”lə bağlı ABŞ prezidentinin verdiyi qərar da müdafiə sənayesi sahəsində əməkdaşlığa yol açacaq və NATO-Azərbaycan münasibətlərini də yeni mərhələyə çıxaracaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki