NATO-nun “Baltic Air Policing” missiyası çərçivəsində Litvada yerləşdirilən Fransa hərbi hava qüvvələrinə məxsus “Rafale” qırıcıları Baltik dənizi üzərində Rusiyanın genişmiqyaslı hava qrupuna qarşı iki dəfə həyəcanla havaya qaldırılıb.
Referans Media xəbər verir ki, aprelin 20-də baş verən bu insident zamanı NATO qırıcıları nüvə silahı daşımaq qabiliyyətinə malik strateji bombardmançıları və müasir qırıcıları müşayiət edib.
Fransanın Litvadakı Şyaulyay aviabazasından havaya qalxan “Rafale” qırıcıları gün ərzində iki fərqli müdaxilə həyata keçirib. İlk olaraq Rusiyanın “İl-20” kəşfiyyat təyyarəsi aşkarlanıb. Daha sonra isə Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcılarını əvəz edən Fransa pilotları iki ədəd “Tu-22M3” strateji bombardmançısından və onlara keşik çəkən çoxsaylı “Su-30” və “Su-35” qırıcılarından ibarət qrupu dövrəyə alıblar.
Rusiya hava qrupunun miqyası o qədər böyük olub ki, əməliyyata Fransa ilə yanaşı İsveç, Finlandiya, Polşa, Danimarka və Rumıniya hərbi təyyarələri də qoşulub. NATO təyyarələri Rusiya qırıcılarını transponderləri söndürülmüş və uçuş planı təqdim edilməmiş halda təhlükəsiz zonadan çıxarana qədər müşayiət ediblər.
Bu insidentin məhz aprelin 21-də İslamabadda keçirilən ABŞ-İran danışıqları və Hörmüz boğazındakı böhranla eyni vaxta düşməsi təsadüfi sayılmır. Ekspertlər hesab edirlər ki, Kreml bu addımla NATO-nun diqqətini Yaxın Şərqdən yayındırmağa və “şərq cinahı”nda hələ də güclü olduğunu nümayiş etdirməyə çalışır.
Rusiya Müdafiə Nazirliyi uçuşun planlı olduğunu və beynəlxalq qaydalar çərçivəsində bitərəf sular üzərində həyata keçirildiyini bəyan edib. Bildirilib ki, 4 saatlıq uçuş zamanı bir neçə mərhələdə xarici ölkələrin qırıcıları onları müşayiət edib.























