İranda hərbi və siyasi qanadlar arasında fikir ayrılıqları fonunda gərginlik yenidən gündəmə gəlib.
Referans Media xəbər verir ki, ABŞ prezidenti Donald Trampın qərarları və İran İslam İnqilabı Keşikçiləri Korpusunun sərt bəyanatları bölgədə vəziyyəti daha da mürəkkəbləşdirir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaydığı açıqlamada “tam döyüş hazırlığı” vəziyyətində olduqlarını bəyan edib. Quruma görə, istənilən yeni hücum halında regiondakı hədəflərə “gözləntiləri aşan sarsıdıcı zərbələr” endiriləcək.
Bu bəyanat qurumun yaradılmasının ildönümü ilə əlaqədar səsləndirilib.
Eyni zamanda, Böyük Britaniyanın Dəniz Ticarəti üzrə təşkilatının hesabatına əsasən, İran Hərbi Dəniz Qüvvələri xəbərdarlıqlara məhəl qoymayan konteyner gəmisinə atəş açıb. Hadisə bölgədə dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Digər tərəfdən, Axios nəşrinin məlumatına görə, Donald Tramp İranda hərbi dairələrlə danışıqlar aparan mülki nümayəndələr arasında yaranan fikir ayrılığı səbəbindən atəşkəs müddətini uzatmaq qərarına gəlib. ABŞ rəsmisinin sözlərinə görə, İran daxilindəki parçalanma son günlər daha açıq şəkildə hiss olunmağa başlayıb və bu şəraitdə diplomatik səylərə əlavə vaxt verilməsi məqsədəuyğun hesab edilib.
Məlumata əsasən, SEPAH generalları ilə mülki danışıqlar aparan tərəf arasında strateji məsələlər üzrə ciddi fikir ayrılığı mövcuddur ki, bu da mümkün razılaşmaların taleyini sual altına alır./KONKRET.az























