Türkiyə siyasətində diqqət çəkən yeni iddia gündəmə gəlib. Həbsdə olan keçmiş İstanbul Böyükşəhər Bələdiyyə başqanı Ekrem İmamoğlunun gələcək prezident seçkiləri ilə bağlı mövqeyi barədə maraqlı məlumatlar ortaya çıxıb.
İddialara görə, Silivri həbsxanasında saxlanılan İmamoğlu keçirdiyi görüşlər zamanı prezident seçkilərində namizəd kimi Mansur Yavaşın irəli sürülməsinin daha doğru olacağını bildirib.
Referans Media xəbər verir ki, məsələ ilə bağlı “TGRT Haber” telekanalında yayımlanan “Medya Kritik” proqramında danışan jurnalist Can Özçelik İmamoğlunun partiya rəhbərliyi ilə əlaqələrində Yavaşın namizədliyinə qarşı çıxmadığını, əksinə bu fikri dəstəklədiyini söylədiyini iddia edib.
Proqramda iştirak edən Fatih Atik də bu iddianı dəstəkləyərək bildirib ki, İmamoğlu bu mövqeyini təkcə partiya daxilində deyil, digər siyasi partiyaların nümayəndələri ilə görüşlərində də dilə gətirib.
Atikin sözlərinə görə, İmamoğlu belə deyib: “Mən bunu Özgür Özələ də demişəm. CHP-nin namizədi Mansur Yavaş olmalıdır və mən Mansuru dəstəkləyirəm.”
Özgür Özəlin namizədliyinə isti yanaşmır?
Son günlərdə siyasi kulislərdə, İmamoğlunun həbsdə qalacağı halda Özgür Özelin prezidentliyə namizəd ola biləcəyi barədə ehtimallar da müzakirə olunurdu. Lakin ortaya atılan iddialara görə, İmamoğlu bu variantı dəstəkləmir.
Bu iddialar Türkiyədə qarşıdakı prezident seçkiləri ilə bağlı müzakirələrə yeni istiqamət verib və siyasi kulislərdə geniş rezonans doğurub.























