Naxçıvanla bağlı son günlər verilən mesajlar və atılan addımlar diqqət çəkir. Bir tərəfdən muxtar respublikanın təhlükəsizliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi önə çıxarılır, digər tərəfdən isə hərbi struktur və müdafiə imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı verdiyi mesajlar da bu prosesin təsadüfi olmadığını göstərir.
Bütün bunlar nəyə hazırlıqdır? Naxçıvan üçün yeni təhlükəsizlik arxitekturası qurulur, yoxsa regionda dəyişən geosiyasi və hərbi reallıqlara hesablanmış daha geniş strateji planın konturları artıq görünür?
Referans Media bildirir ki, Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri bir sıra mühüm bəyanat və mesajlarla yadda qalıb:
“Bu bəyanatlardan biri ölkə başçısının, Ali Baş Komandan kimi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlılarına döyüş bayrağını təqdim etməsi oldu. Ola bilər ki, kimlər üçün isə bu, sadəcə Prezidentin Naxçıvana səfəri idi. Hesab edirəm ki, ölkə başçısının qarşılanması, müdafiə nazirinin, Baş Qərargah rəisinin, Əlahiddə Ümumqoşun Ordusunun komandanının, yəni həm Zakir Həsənovun, həm Kərim Vəliyevin, həm də Kənan Seyidovun bir yerdə Prezidentə Naxçıvanın vəziyyəti barədə məruzə etmələri region ölkələrinə verilən bir mesaj idi.

Üzeyir Cəfərov
Naxçıvan uzun illər blokada şəraitində olub. Bu gün də Zəngəzur dəhlizi açılmadığı üçün Naxçıvan müəyyən çətinliklərlə üz-üzədir. Ölkə başçısına təqdim olunan ağır texnikanın görüntüləri də diqqət çəkirdi. Hərbi sahə elədir ki, düşmənə və ya maraqlı qüvvələrə məlumat sızdırılmamasına çalışılır. Amma burada açıq şəkildə yeni nəsil raket-artilleriya sistemləri, PUA-lar təqdim edildi. Bununla göstərildi ki, Azərbaycan Naxçıvanın təhlükəsizliyini təmin etmək iqtidarındadır.
“Tramp yolu” (TRIPP) marşrutu ilə gələcəkdə çoxlu yüklər daşınacaq. Naxçıvan bu mənada mühüm nöqtədir. Ölkə başçısının Naxçıvana 260 milyon manat vəsait artırması da bu ərazinin təhlükəsizliyi üçün mühüm töhfədir”.
