Ukrayna ilə Ermənistan arasında yeni bərpa olunan əlaqələr hər iki ölkədə anti-Rusiya mövqeyindən irəli gəlir. Kiyevin də, İrəvanın da dərdi eynidir - Rusiya! Hər ikisini itirməkdə olan Rusiya birinə hərbi təcavüzü davam etdirir, digərini isə iqtisadi şantajla sıxışdıraraq Qərblə Moskva arasında strateji seçim etməyə çağırır.
Buna görədir ki, son dövrlər Ukrayna ilə Ermənistan arasında təmaslar artmaqdadır. Hətta nə qədər absurd görünsə də, Ermənistan Ukraynanın bərpası konfransında iştirak edib (şəhərlərimizi dağıdan işğalçı ölkə - E. S).
Bu mənada Ermənistanın xarici işlər nazirinin müavini vəzifəsini icra edən Vahan Kostanyanın Kiyevə işgüzar səfəri xüsusi vurğulanmalıdır.
Referans Media bildirir ki, diplomat Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyukla görüşüb. Bundan əvvəl isə Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Mişenko ilə görüşüb.
Kiyev-Peçoryan Lavrasının 975 illiyinə həsr olunmuş tıdbirlərdə iştirak etmək üçün Ukraynaya gələn Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyəti Kiyevlə ikitərəfli əlaqələri müzakirə edib. Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzü fonunda regional təhlükəsizliyə və onu sabitləşdirmə yollarına xüsusi diqqət yetirilib.
Mişçenko Ermənistan nümayəndə heyətini Ukraynanın Avropaya inteqrasiyasının hazırkı vəziyyəti və perspektivləri barədə məlumatlandırıb və İrəvanın bu sahədə Ermənistanla təcrübə mübadiləsi aparmağa hazır olduğunu vurğulayıb. Yəni Kiyev İrəvana avrointeqrasiya kursunu inkişaf etdirməkdə tövsiyə verməkdə maraqlıdır və keçdiyi yolu qarşı tərəflə bölüşə bilər. Qeyd edək ki, hazırda Avropa Birliyi Ermənistana dəstəyi artırır.
Məsələn, Dayanıqlılıq və İnkişaf 2024-2027 proqramı çərçivəsində Ermənistana 270 milyon avro dəstək göstərilməsi nəzərdə tutulur. Eləcə də Avropa İttifaqı ilə Ermənistan bir sıra müxtəlif layihələr həyata keçirir. Avropa İttifaqı Ermənistanın ayrı-ayrı bölgələrinin inkişafına və vətəndaş cəmiyyətinin gücləndirilməsinə dəstək vermək istəyir. Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı hər vasitə ilə Ermənistanı Rusiyadan maksimum uzaqlaşdırmağa çalışır.
Düzdür, Ermənistan məhsullarının təxminən 80 faizinə qədərinin gömrük rüsumundan azad olunması istiqamətində addım atılıb. Amma bu, o demək deyil ki, Ermənistan məhsulları rahat şəkildə Avropa bazarlarına daxil ola biləcək. Çünki Avropa İttifaqına üzv olan ölkələrin hər birinin öz milli standartları mövcuddur və Ermənistan qısa zaman kəsiyində, məsələn, 7-8 ölkənin milli standartına uyğun məhsul istehsal edə bilməz. Bundan əlavə, ötən ay Avropa Komissiyası Rusiyanın ticarət məhdudiyyətlərinin Ermənistanın özəl sektoruna təsirlərinin azaldılması məqsədilə ölkəyə 34 milyon avro məbləğində təcili maliyyə dəstəyi ayırıb.
Yada salaq ki, Qərbin maliyyə yardımı ilə yanaşı siyasi dəstəyi da var. Xüsusən də Avropa Siyasi Birliyinin növbəti sammitinin İrəvanda keçirilməsi bir münasibətin göstəricisidir. O baxımdan, Rusiyadan uzaqlaşmaqda olan Ermənistanın Ukrayna ilə yaxınlaşması da bu siyasətin tərkib hissəsidir.
Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, Rusiya müharibə vəziyyətində Ermənistandakı nüfuzunu itirməkdədir. Onun fikrincə, Paşinyan hakimiyyəti yaranmış vəziyyəti dəyərləndirir: "Onsuz da bu hakimiyyət Soros maliyyəsi hesabına Ermənistanda ruspərəst rejimin dəyişikliyinə müvəffəq olub. İndi unikal fürsətdir ki, Rusiyadan qopma xətti daha da gücləndirilsin. Amma Ukrayna ilə Ermənistanın oxşarlıqları və fərqləri var. Bəli, hər iki ölkə Rusiya ilə problem yaşayır. Amma birinə işğal məqsədi ilə hücum olub, digərində isə Rusiyanın hərbi bazası, dəmiryol xətləri, sərhədlərində əsgərləri, iqtisadiyyatında təsir imkanları var. Üstəgəl, Ermənistan Ukrayna ilə müqayisədə kiçik ölkədir. Ona görə Rusiya ilə açıq qarşıdurmaya gedə bilmir. Bunun üçün Avropa İttifaqının dəstəyini qazanmağa çalışır ki, müqavimət göstərməyə immunitet olsun".
Ekspert erməni diplomatın Kiyevə səfərini təsadüfi saymır və Moskvaya bir mesaj olduğunu düşünür: "Əslində, Azərbaycandan baxanda işğalçı ölkənin işğala məruz qalmış ölkəyə indi özünü ürəyiyanan göstərməsi ikrah hissi doğurur. Amma məsələyə geopolitik və strateji müstəvidən baxanda aydındır ki, Kiyev və İrəvanın indiki mövqeyi anti-Rusiyadır, bu da onları birləşdirir"./Musavat.com/
