Netanyahu əmr verdi, Beyrut qarışdı: Minlərlə insan yenidən qaçır

İsrailin Baş naziri Benyamin Netanyahunun Livanın paytaxtı Beyrutun cənubundakı Dahiya bölgəsinə hava zərbələri endirilməsi barədə göstəriş verməsindən sonra ərazidə gərginlik yenidən pik həddə çatıb.

Referans Media xəbər verir ki, daha əvvəl atəşkəsdən sonra evlərinə qayıdan minlərlə sakin yenidən yaşayış yerlərini tərk etməyə məcbur olub.

Məlumata görə, yüz minlərlə insanın yaşadığı Dahiya bölgəsinin əsas çıxış yollarında uzun avtomobil tıxacları yaranıb. Bir çox ailə təhlükəsizlik məqsədilə Beyrutun nisbətən təhlükəsiz hesab olunan ərazilərinə üz tutub.

Xatırladaq ki, İsrail ordusu mart ayında bölgədə genişmiqyaslı əməliyyatlar keçirərək Hizbullahın əsas dayaq məntəqələrindən biri sayılan Dahiya ətrafına intensiv hava hücumları təşkil etmişdi. Aprelin 17-də əldə olunan atəşkəsdən sonra sakinlər evlərinə qayıtsa da, yeni hücum təhlükəsi onların yenidən köç etməsinə səbəb olub.

Dahiya Beyrutun ən sıx məskunlaşan bölgələrindən biri hesab olunur. Buraya Hureyk, Burc əl-Baracne, Qubeyri və əl-Mureyce kimi iri yaşayış məntəqələri daxildir. Əhalisinin böyük hissəsini şiə müsəlmanlar təşkil edən bölgə Hizbullahın siyasi və sosial baxımdan güclü təsirə malik olduğu ərazi kimi tanınır.

Bundan əlavə, Dahiya ərazisində Burc əl-Baracne, Sabra və Şatila kimi Fələstin qaçqın düşərgələri də yerləşir.

Bölgədə vəziyyətin daha da gərginləşə biləcəyi ehtimal edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki