Netanyahudan qəzəbli ÇIXIŞ: "Biz ABŞ-ın nökəri yox, müttəfiqiyik"

ABŞ Vitse-prezidenti Ceyms Devid Vensin "İsraillə maraqlarımız üst-üstə düşməyə bilər" bəyanatından dərhal sonra, İsrail Baş naziri Benjamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan olduqca gərgin və dramatik telefon danışığının gizli təfərrüatları ifşa olunub.

Referans Media xəbər verir ki, İsrailin nüfuzlu "Ynet" nəşrinin hökumətdəki yüksəkrütbəli qaynaqlara istinadən yaydığı sensasion məlumata görə, Netanyahu nazirlər kabinetinin qapalı iclasında Ağ Ev rəhbərinin təzyiqlərinə necə müqavimət göstərdiyini rəsmən açıqlayıb.

Sızdırılan məlumatlara əsasən, bu gərgin telefon danışığı iyunun 11-nə keçən gecə ABŞ ordusunun İrana raket zərbələri endirməsindən və Tehranın Hörmüz boğazını bağlamasından dərhal əvvəl baş tutub. Donald Tramp regional genişmiqyaslı müharibənin qarşısını almaq üçün şəxsən Netanyahunu zəng edərək İrana qarşı hər hansı cavab zərbəsindən və hərbi eskalasiyadan çəkinməyə çağırıb. ABŞ lideri öz mövqeyini əsaslandırmaq üçün İranın hücumları zamanı İsrail tərəfindən heç bir itkinin olmadığını bəhanə gətirib. Netanyahu iclasda həmin anı belə nəql edib: "Tramp məndən soruşdu: 'Sizin tərəfdə hər hansı zərərçəkən, ölən varmı?' Mən isə ona qətiyyətlə cavab verdim: 'Xeyr, yoxdur. Lakin mən yalnız insan tələfatı olduqdan sonra cavab vermək düsturunu və şərtini qətiyyən qəbul etmirəm. Əgər kimsə İsrail ərazisinə hücum edirsə, mən mütləq ona adekvat cavab verəcək və ağır hərbi zərbə endirəcəyəm'".

İsrail Baş naziri yerli mediada və beynəlxalq aləmdə Təl-Əvivin artıq Vaşinqtonun subordunasiyasında olan bir "müştəri dövlətə" (vassala) çevrilməsi barədə səslənən kəskin tənqidləri də rəsmən rədd edib. Netanyahu Ağ Evə tabe olmadıqlarını nümayişkaranə şəkildə bəyan edib: "Biz amerikalıların tabeliyində olan nökərlər deyilik, biz onların bərabərhüquqlu müttəfiqiyik".

Netanyahu çıxışının sonunda Donald Trampın hazırda Tehranla "14 bəndlik sülh memorandumu" üzərində gizli və intensiv sövdələşmə aparmaq istəyinə də toxunaraq, Ağ Ev rəhbərinə şəxsən xəbərdarlıq etdiyini bildirib: "Mən Trampa açıq şəkildə dedim: 'Mən hesab edirəm ki, İranla heç bir real saziş baş tutmayacaq və İsrail dövləti olaraq biz bu qondarma sülh sövdələşməsinin qurbanına çevrilməyəcəyik'". Baş nazir İsrailin hərbi və siyasi addımlarının Vaşinqtondan gələn kor-koranə təlimatlara yox, yalnız tərəfdaşlıq prinsiplərinə və dövlətin ali milli maraqlarına əsaslanmalı olduğunu xüsusi vurğulayıb. Siyasi analitiklər bu ifşanı ABŞ-İsrail münasibətlərində Trampın ikinci prezidentlik dövründə qeydə alınan ən dərin və barışmaz çat kimi qiymətləndirirlər./Musavat.com 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki