Bolqarıstanın yüksək liqa təmsilçisi Botev Plovdiv klubunun əsas səhmdarı və prezidenti, bolqar iş adamı İliyan Filipov silahlı hücum nəticəsində həyatını itirib.
Referans MEDİA Bolqarıstan mətbuatına istinadən yaydığı məlumata görə, ölkənin ən böyük nəqliyyat və logistika şirkətlərindən birinin sahibi olan Filipov yerli vaxtla saat 01:00 radələrində özünə məxsus ərazidə silahlı hücuma məruz qalıb və hadisə yerində ölüb.
Polisin yaydığı açıqlamada bildirilib ki, hadisədən sonra paytaxt Sofiadan təxminən 145 kilometr cənub-şərqdə yerləşən Plovdiv şəhərinin əsas giriş və çıxışları nəzarətə götürülüb.
Plovdiv Regional Prokurorluğunun rəhbəri Vanya Hristeva mətbuata açıqlamasında bildirib:
"Bütün mümkün istintaq istiqamətləri üzrə aktiv araşdırmalar aparılır."
"Botev Plovdiv" klubu yaydığı bəyanatda prezidentlərinin faciəvi ölümü ilə əlaqədar dərin hüzn içində olduqlarını bildirib.
Klub həmçinin bu səbəbdən Septemvri Sofia ilə keçirilməsi planlaşdırılan oyunun təxirə salındığını açıqlayıb.
