Britaniyada poçt şöbəsi qalmaqalı ilə əlaqələndirilən ən azı 13 intihar hadisəsi baş verib. Səlahiyyətlilər bunu ölkənin müasir tarixində ən böyük ədalət pozuntusu kimi qiymətləndirib.
Bu barədə məlumat araşdırma komissiyasının hesabatında yer alıb.
Bildirilib ki, 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Britaniya poçt şöbəsi Yaponiya istehsalı olan proqram təminatı tətbiq edib. Burada isə kod bazasında səhv var imiş. Bu səhv isə 20 000 poçt şöbəsi müdirinin maliyyə çatışmazlığı ilə bağlı saxta ittihamlara məruz qalmasına və onlardan güya itirilən vəsaitin onların şəxsi əmanətlərindən ödənilməsinin tələb olunmasına səbəb olub.
London Ali Məhkəməsi daha sonra müəyyən edib ki, poçt operatorunun rəhbərliyi sistem xətası barədə 2000-ci illərin əvvəllərindən məlumatlı olub, lakin uydurma borclar üçün vəsait toplamaqda davam edib. Bundan başqa, 900-ə yaxın əməkdaş dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.
Haqsızlığın ört-basdır edilməsindən sonra Böyük Britaniya hökuməti qurbanlara təzminat ödəmələrinə başlayıb və daha sonra haqsız yerə məhkum edilmiş şəxslərin reabilitasiyası üçün qanun qəbul edib. Yeni araşdırma səs-küylü dava nəticəsində öz həyatına qəsd etmiş Britaniya vətəndaşlarının mümkün sayına aydınlıq gətirib.
“13 nəfərin ölümü ilə proqram təminatı arasında səbəb-nəticə əlaqəsinin olması barədə qəti nəticəyə gələ bilməsəm də, bunun real bir ehtimal olduğunu istisna etmirəm. Onların 13-dən çox olması da mümkündür”, – deyə araşdırmaya rəhbərlik edən hakim Vin Uilyams bildirib.
O əlavə edib ki, araşdırma zamanı çox sayda insan dindirilib, onlardan 59-u intihara cəhd etdiyini, 10 nəfər isə hələ də intihara fikrində olduğunu etiraf edib.//publika.az