Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun sonuncu oyunu keçirilib.
Referans Media xəbər verir ki, turun bağlanış matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Şamaxı” ilə üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda ilk qol 28-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Renaldo Sefas tərəfindən vurulub. “Şamaxı” 43-cü dəqiqədə Edqar Adilxanovun qolu ilə hesabı bərabərləşdirib. Bundan sonra qonaqların futbolçusu Rikardo Apolinario avtoqolla “Qarabağ”ı yenidən önə keçirib. Qarşılaşmada son qolu isə 85-ci dəqiqədə Aleksey Kaşuk vurub.
Beləliklə, “Qarabağ” I turu 3:1 hesablı qələbə ilə tamamlayıb.
Turun digər oyunlarında “Turan Tovuz” “Qəbələ”ni 1:0, “Sabah” “Kəpəz”i 2:0, “Zirə” “Şəfa”nı 2:0, “Neftçi” isə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “İmişli” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 0:0.
