Müharibənin qazananları bəlli oldu: Neft nəhəngləri dəqiqədə 700 min dollar qazandı

İran-ABŞ qarşıdurması və Hörmüz boğazındakı qeyri-müəyyənlik qlobal enerji bazarlarında dalğalanmalara səbəb olarkən, dünyanın ən böyük neft şirkətləri rekord gəlirlər əldə edib.

Referans Media xəbər verir ki, dünyanın ən böyük 8 neft şirkəti ilin ikinci rübündə ümumilikdə təxminən 93 milyard dollar xalis mənfəət açıqlayıb. Bu rəqəm şirkətlərin orta hesabla hər dəqiqə 700 min dollardan çox qazanc əldə etdiyini göstərir.

Analitiklər bildirirlər ki, Yaxın Şərqdə artan gərginlik, neft tədarükü ilə bağlı narahatlıqlar və Hörmüz boğazının gələcəyi ilə bağlı qeyri-müəyyənlik enerji qiymətlərinə təsir edib. Bu vəziyyət isə neft şirkətlərinin maliyyə göstəricilərində öz əksini tapıb.

Dünyanın ən iri neft şirkətlərindən olan Səudiyyə Ərəbistanının "Aramco" şirkəti ikinci rübdə ən yüksək mənfəət açıqlayan şirkət olub.

Şirkətin xalis mənfəətinin 33 milyard dolları keçdiyi bildirilir. Bununla yanaşı, "ExxonMobil", "Chevron", "Shell" və "BP" kimi enerji nəhəngləri də gözləntilərdən yüksək maliyyə nəticələri göstərib.

"Shell" şirkətinin ikinci rüb mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artdığı qeyd olunur.

Enerji bazarlarının əsas diqqət mərkəzində isə Hörmüz boğazı qalır. İran Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi Omanla aparılan danışıqlarda son mərhələyə yaxınlaşıldığını açıqlayıb.

Onun sözlərinə görə, boğazdan istifadə üçün 2-4 aylıq müvəqqəti marşrutla bağlı müzakirələr aparılır. Hörmüz boğazının tam şəkildə açılmasının isə ABŞ-ın atacağı addımlardan asılı olduğu bildirilib.

Dünya neft ticarətinin ən mühüm keçid nöqtələrindən biri hesab olunan Hürmüz boğazında baş verən hər bir dəyişiklik qlobal enerji qiymətlərinə birbaşa təsir göstərir.


Neft şirkətlərinin rekord gəlirlər açıqlaması bəzi dairələrdə tənqidlərə də səbəb olub. Ekoloji təşkilatlar enerji böhranı və artan həyat xərcləri fonunda şirkətlərin yüksək mənfəət əldə etməsini müzakirəyə çıxarıb.

Bəzi təşkilatlar neft şirkətlərinə əlavə vergi tətbiq edilməsini və əldə olunan gəlirlərin iqlim dəyişiklikləri ilə mübarizəyə yönəldilməsini tələb edir.

Digər tərəfdən, bəzi enerji şirkətlərinin bərpa olunan enerji layihələrinə yatırımları azaltaraq yenidən neft və təbii qaz sahəsinə üstünlük verdiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki