İsraildə müzakirə yaradan qərar: Həbsxananı timsahlarla qorumaq istəyirlər

İsrailin Negev səhrasında yerləşən Ketziot həbsxanasının yüksək təhlükəsizlik bölməsinin ətrafında timsahların yerləşdirilməsi planlaşdırılan xəndəklərin qazılmasına başlanıldığı iddia edilir. Layihə xüsusilə fələstinli məhbusların saxlanıldığı bölmə ilə bağlı olduğu üçün beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb olub.

Referans Media xəbər verir ki, həbsxananın yüksək təhlükəsizlik hissəsinin ətrafında təxminən 170 metr uzunluğunda xəndəklərin qazılması işləri başlayıb. Yayılmış görüntülərdə həbsxana ərazisində texnikaların işlədiyi və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi görünür.

Məlumata görə, bu ideyanı İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir irəli sürüb. Nazir fələstinli təhlükəsizlik məhbuslarının saxlanıldığı bölmələrdə çəkindirici tədbirlərin artırılması məqsədilə xəndəklərə Nil timsahlarının yerləşdirilməsini müdafiə edir.

Bu çərçivədə İsrail Ətraf Mühitin Mühafizəsi Nazirliyinin Nil timsahlarının hüquqi statusunda dəyişiklik etdiyi və təhlükəsizlik qurumlarının müəyyən şərtlər daxilində bu heyvanları saxlaya bilməsinə imkan yaratdığı bildirilib.

Yerli rəsmilər xəndəklərin qazılması işlərinin davam etdiyini təsdiqləsələr də, həmin ərazilərə həqiqətən timsahların yerləşdirilib-yerləşdirilməyəcəyinin hələ dəqiq olmadığını açıqlayıblar.

Layihə ətraf mühit təşkilatları və hüquq müdafiəçilərinin etirazları ilə qarşılaşıb. Tənqidçilər belə bir addımın həm hüquqi, həm də təhlükəsizlik baxımından ciddi suallar doğurduğunu bildirirlər.

Hazırda İsrail hökuməti tərəfindən timsahların həbsxana ətrafındakı xəndəklərə yerləşdirilməsi ilə bağlı yekun qərar açıqlanmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki