Keçmiş müdafiə naziri Sergey İvanovla vida mərasimində Kreml rəhbərinin davranışı Rusiya mediasının diqqətini çəkib.
Referans Media xəbər verir ki, Sergey İvanovla vida mərasimi Moskva Mərkəzi Klinik Xəstəxanasında keçirilib.
Mərasimdə iştirak edən Vladimir Putin sıx iş qrafikinə baxmayaraq, mərhumun tabutu önündə azı 20 dəqiqə qalıb.
Kremlin rəhbəri prezident olduqdan əvvəl müdafiə naziri olmuş daha üç şəxsin – Pavel Qraçovun (1992–1996), İqor Rodionovun (1996–1997) və Dmitri Yazovun (1987–1991) dəfn mərasimində iştirak etməyib. O, onların ailələrinə yalnız başsağlığı göndərməklə kifayətlənib.
Sergey İvanov Troyekurov qəbiristanlığında hərbi ehtiramla dəfn ediləcək. Mərasimdə Quru Qoşunları, Hərbi Hava-Qüvvələri və Hərbi Dəniz Donanmasının fəxri qarovulu iştirak edib.
Vida mərasiminə Mərkəzi Bankın sədri Elvira Nabiullina, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, eləcə də vaxtilə Sergey İvanovun mümkün prezident varisi hesab olunduğu dövrdə onun əsas rəqiblərindən biri olan Dmitri Medvedev də qatılıb.
Məqalədə daha bir diqqətçəkən detal qeyd olunur. Mərasim zamanı prezident kortejində damında xüsusi avadanlıq quraşdırılmış qara avtomobil görüntülənib. Hərbi ekspert Kirill Mixaylov və CIT-in nümayəndəsi bunun radioelektron mübarizə (REM) sistemi ola biləcəyini ehtimal ediblər. Onların sözlərinə görə, damdakı antenlər müxtəlif tezliklərdə siqnalları boğmaq üçün nəzərdə tutulub.
Sergey İvanov iyunun 26-da 73 yaşında vəfat edib. O, uzun illər Kremlin rəhbərinin yaxın silahdaşlarından biri olub və 2007-ci ildə bir müddət Rusiyada mümkün prezident varislərindən biri kimi də göstərilirdi./Musavat.com

