Türkiyədə 1 iyuldan etibarən həyat dəyişir: 3 yeni qərar qüvvəyə minir

Türkiyə 1 iyuldan etibarən milyonlarla vətəndaşı maraqlandıran üç mühüm yeniliyi tətbiq etməyə hazırlaşır. Yeni qaydalar həm ekoloji sistemləri, həm də nəqliyyat və qida sektorunu əhatə edir.

Referans Media xəbər verir ki, ən mühüm dəyişikliklərdən biri “Depozit Qaytarma Sistemi” olacaq. Bu sistem çərçivəsində uyğun içki qablarını qaytaran vətəndaşlara hər qab üçün 1 TL geri ödəniş ediləcək. Sistem bütün ölkə üzrə tətbiq olunacaq və xüsusi avadanlıqlar vasitəsilə işləyəcək.

Digər yenilik isə SEDDK tərəfindən həyata keçirilən icbari avtomobil sığortası qaydalarında olacaq. Yeni tənzimləməyə əsasən, zərər və dəyər itkisi hesablanması yenidən müəyyən ediləcək, həmçinin bəzi kompensasiya mexanizmləri genişləndiriləcək.

Bundan əlavə, restoran və kafelərdə də yeni dövr başlayır. Xüsusilə şəbəkə restoranlar menyularında kalori və allergen məlumatlarını açıq şəkildə göstərmək məcburiyyətində olacaq.

Qaydalara uyğunlaşma mərhələli şəkildə həyata keçiriləcək və bəzi sektorlar üçün keçid müddəti 2026–2027-ci illərə qədər davam edəcək.

Rəsmilər bu dəyişikliklərin həm istehlakçı hüquqlarını gücləndirəcəyini, həm də daha şəffaf sistem yaradacağını bildirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki