“Qalatasaray” mövsümün əvvəlində böyük ümidlərlə transfer etdiyi Vilfrid Sinqo ilə bağlı sürpriz qərar verib.
Referans Media xəbər verir ki, “Fanatik” nəşrinin yaydığı məlumata əsasən, İstanbul təmsilçisi futbolçu üçün gələcək təklifləri dəyərləndirməyə hazırlaşır.
İddialara görə, klub rəhbərliyi Vilfrid Sinqonun bu mövsüm gözləntiləri tam doğrultmadığını düşünür. Futbolçu ötən yay "Monako"dan 30.7 milyon avro qarşılığında transfer edilmişdi.
Məlumata əsasən, sərfəli təklif gələcəyi halda “Qalatasaray” oyunçunun satılmasına razılıq verəcək. Xüsusilə İngiltərə klublarının müdafiəçiyə maraq göstərdiyi bildirilir.
24 yaşlı futbolçu bu mövsüm sarı-qırmızılı forma ilə 28 oyuna çıxaraq 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda bazar dəyəri təxminən 25 milyon avro göstərilən Sinqonun klubla müqaviləsi 2030-cu ilə qədər davam edir.
