Sentyabrın 25-də Qaradağ rayonunda yerləşən palçıq vulkanında püskürmə baş verib.
Püskürmə zamanı vulkan ərazisində güclü alovlanma müşahidə olunub. Alovun bir neçə kilometr məsafədən göründüyü bildirilir. Qeyd edək ki, Qaradağ ərazisində yerləşən palçıq vulkanlarında bu cür hadisələr daha əvvəl də qeydə alınıb. Belə ki, 2025-ci ilin oktyabrında Otman Bozdağ palçıq vulkanında baş vermiş püskürmə də güclü alovlanma ilə müşayiət olunmuşdu.
Bəs palçıq vulkanında baş verən bu püskürmə və güclü alovlanma nə ilə bağlıdır? Belə alovlanma palçıq vulkanları üçün nə dərəcədə xarakterikdir və hadisənin intensivliyi yeraltı proseslərlə bağlı hansı məlumatları verir?
Qaradağ ərazisində palçıq vulkanlarında son illərdə belə hadisələrin təkrarlanması hər hansı seysmik və ya geoloji aktivliyin göstəricisi sayıla bilərmi? Bu cür püskürmələrin yaxın ərazilərdə yaşayan əhali və infrastruktura hər hansı riski varmı?
Mövzu ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Musavat.com-a danışıb. O deyib ki, bu cür alovlanma palçıq vulkanları üçün xarakterikdir. Vulkan ərazisində qazlar toplanır və vulkanın partlayışla püskürməsi zamanı həmin qazlar alışaraq yanmağa başlayır. Qaz sönəndən və orada toplanmış flüidlər, qazlar tükəndikdən sonra isə vulkan palçıq atmağa başlayır, xırda brekçiyalar da axın şəklində yayılır: "Bu həmin vulkanın ilk püskürməsi deyil. Düzdür, hazırda bir çox insanlar palçıq vulkanlarının ətrafında evlər tikirlər. Halbuki nəzərə almaq lazımdır ki, vulkanın nə vaxtsa püskürmə ehtimalı var və bu, müəyyən fəsadlara, xoşagəlməz hallara səbəb ola bilər. Bir çox ərazilərdə görürsən ki, vulkanlara yaxın yaşayış məntəqələrində binalarda çatlar əmələ gəlib. Nüvədi qəsəbəsində, eləcə də Lökbatan vulkanının ətrafında yerləşən binalarda belə hallara rast gəlinir".
Qurban Yetirmişli qeyd edib ki, vulkan təhlükəsi olan ərazilərdə tikinti məsələsinə daha ciddi yanaşılmalıdır:"Bu cür ərazilərdə tikinti aparmaq düzgün deyil. Əgər bilirsənsə ki, burada təhlükə var və bu təhlükə nə vaxtsa özünü göstərə bilər, həmin ərazilərin məskunlaşdırılması məsələsinə daha ciddi yanaşmaq lazımdır. Vulkan nə vaxtsa püskürməlidir. Vaxtilə insanları belə ərazilərə yaxın buraxmayıblar, məskunlaşmağa imkan verməyiblər. Çünki burada təhlükənin yarana biləcəyi əvvəlcədən nəzərə alınıb.
Ona görə də belə məsələlər barədə əvvəlcədən düşünmək lazımdır. Dünyanın müxtəlif yerlərində də görürük ki, qəfil sel hadisələri baş verir və sonradan məlum olur ki, suyun keçdiyi ərazilərdə, çay yataqlarında və digər riskli zonalarda qanunsuz tikililər aparılıb. Bu, düzgün yanaşma deyil. Eyni vəziyyət sürüşmə zonalarında və dik yamaclarda aparılan tikintilərə də aiddir. Sabah zəlzələ baş verərsə, həmin tikililərin olması dağıntıların miqyasını bir neçə dəfə artıra bilər. Vulkanlarla bağlı da eyni yanaşma tətbiq olunmalıdır".
Qurban Yetirmişli palçıq vulkanlarının fəaliyyəti ilə seysmik proseslər arasındakı əlaqəyə də toxunub. Onun sözlərinə görə, zəlzələlər Yer daxilində gedən geodinamik proseslərin nəticəsidir: "Zəlzələlər necə baş verir? Bunlar Yer daxilində gedən geodinamik proseslərin nəticəsidir. Buraya Yer qabığında baş verən hərəkətlər, sıxılmalar, gərilmələr və tektonik blokların yerdəyişməsi daxildir. Zəlzələlər ilə vulkanik proseslər arasında da müəyyən əlaqə mövcuddur. Bu əlaqə həm zəlzələdən sonra, həm də zəlzərədən əvvəlki hazırlıq mərhələsində özünü göstərə bilər. Yaxın zamanda Xəzərdə 4,1 maqnitudalı zəlzələ də qeydə alınmışdı. Məsafə baxımından bu ərazi o qədər də uzaq deyil. Ondan əvvəl də 3,1 və 3,2 maqnitudalı xırda təkanlar baş vermişdi. Bu proseslər vulkanın püskürməsinə müəyyən təsir göstərə bilər. Düzdür, dediyim kimi, Yer daxilində gedən geodinamik proseslər öz-özünə baş vermir. Burada sıxılma və gərilmə prosesləri gedir. Vulkanların püskürməsi də əsasən bu proseslərin nəticəsində baş verir. Yer daxilində olan boşluqlarda flüidlərin, xüsusilə qazların toplanması təzyiqin artmasına və nəticədə partlayışa səbəb ola bilər. Alovlanma isə əsasən həmin qazların yanması ilə bağlıdır. Burada xüsusilə metan qazının yanması mühüm rol oynayır. Digər flüidlər və brekçiyalar da həmin partlayış nəticəsində müəyyən dərinliklərdən səthə doğru hərəkət edərək püskürür.
Hazırda mütəxəssislər tərəfindən proseslə bağlı araşdırmalar aparılır. Vulkanın püskürməsinin hansı dərinlikdən başladığı, neçə fazadan ibarət olduğu, nə qədər davam etdiyi, nə qədər enerji ayrıldığı və digər parametrlər müəyyənləşdirilir. Bütün bu göstəricilər təhlil edilərək püskürmənin xüsusiyyətləri və səbəbləri daha dəqiq qiymətləndiriləcək".
