Son illər dünyada alternativ qida texnologiyaları sürətlə inkişaf edir. Bu istiqamətdə ən çox müzakirə olunan yeniliklərdən biri isə hüceyrə əsaslı, yəni laboratoriya şəraitində yetişdirilən ət məhsullarıdır.
Bəs belə məhsulların gələcəkdə Azərbaycan bazarına daxil olması mümkündürmü? Əgər bu baş verərsə, laboratoriyada yetişdirilən ət hansı tələblərə cavab verməlidir?
Məsələ ilə bağlı Referans Media-ya özəl açıqlama verən qida təhlükəsizliyi eksperti Fərid Səfərov bildirib ki, nəzəri baxımdan gələcəkdə hüceyrə əsaslı ət məhsullarının Azərbaycan bazarına daxil olması mümkündür. Lakin bunun üçün ciddi təhlükəsizlik və tənzimləmə mexanizmlərinin tətbiqi zəruridir.
Ekspertin sözlərinə görə, məhsulun xarici ölkədə istehsal olunması onun avtomatik olaraq Azərbaycanda satışına icazə verilməsi anlamına gəlmir:
“Məhsulun sadəcə xarici ölkələrdə istehsal edilməsi kifayət deyil. Azərbaycanda belə bir məhsulun satışına icazə verilməsi üçün onun qida təhlükəsizliyi, istehsal texnologiyası, tərkibi, mikrobioloji göstəriciləri, istifadə olunan hüceyrə xətləri və istehsal prosesində tətbiq edilən maddələr müvafiq qaydada qiymətləndirilməlidir”.
F.Səfərov vurğulayıb ki, bu məsələdə əsas məqamlardan biri də istehlakçının məhsul barədə tam və düzgün məlumatlandırılmasıdır.
“Əgər kultivasiya edilmiş ət Azərbaycanda satışa buraxılarsa, onun etiketində məhsulun hansı texnologiya ilə əldə edildiyi, tərkibi, saxlanma şəraiti və digər zəruri məlumatlar aydın şəkildə göstərilməlidir. Eyni zamanda ənənəvi heyvan mənşəli ətlə hüceyrə əsaslı ətin bir-birindən fərqləndirilməsi istehlakçı üçün şəffaf olmalıdır”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda belə məhsulların kütləvi şəkildə satışa çıxarılması və ya yaxın zamanda bazara daxil olması ilə bağlı təsdiqlənmiş açıq rəsmi məlumat yoxdur. Bu səbəbdən məsələ hələlik daha çox gələcək perspektiv kimi qiymətləndirilir.
Dünya təcrübəsində isə hüceyrə əsaslı ət məhsullarına münasibət ölkədən ölkəyə dəyişir. Bəzi ölkələrdə müvafiq tənzimləyici qiymətləndirmədən sonra bu məhsulların satışına icazə verilib, digər ölkələrdə isə hüquqi və elmi qiymətləndirmə prosesləri davam edir.
Ekspert hesab edir ki, Azərbaycanda da belə məhsulların mümkün şəkildə bazara daxil olması zamanı qərarlar obyektiv elmi qiymətləndirmələr əsasında qəbul edilməlidir:
“Azərbaycanda belə məhsulların bazara daxil olması halında əsas prinsip ‘yeni texnologiyadırsa, deməli təhlükəlidir’ və ya əksinə, ‘laboratoriyada hazırlanıbsa, deməli tam təhlükəsizdir’ yanaşması olmamalıdır. Qərar konkret məhsulun elmi əsaslarla təhlükəsizlik qiymətləndirilməsinin nəticələrinə, istehsal standartlarına və qüvvədə olan qida təhlükəsizliyi tələblərinə əsaslanmalıdır”.
Beləliklə, laboratoriyada yetişdirilən ətin Azərbaycan bazarında satılması gələcəkdə mümkün ssenarilərdən biri sayılsa da, bunun üçün məhsulun təhlükəsizliyi, istehsal prosesi, tərkibi, etiketlənməsi və istehlakçıya təqdim olunan məlumatların müvafiq tələblərə uyğunluğu əsas şərtlərdən olacaq.
